AĞRIMAZ Canə sən candan nə kim gəlsə, ciyərlər ağrımaz, Həqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz. Şaha, mehrindənmidir, ya aşinalıqdanmıdır, Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz. Fitvasından zahidin nahəq məni gər soyalar, Qəm deyil səndən- şəxa, görcək damarlar ağrımaz. Zahidin əfsanəsindən soydular nahaq məni, Həqq bilir səndən, şəxa, sahib nəzərlər ağrımaz. Şişəmi çün daşə çaldım, Həqqi izhar eylədim, Çeşmi əhval ağrıdan arif bəşərlər ağrımaz. Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz. Cəhli aqaçan meydan günündə yeri var, Ər bilir meydan qədrin kim, qədirlər ağrımaz. Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin, Bunca namərdi görün, bir ər qıyarlar; ağrımaz. |
YANARAM Səndən iraq, ey sənəm, şamü səhər yanaram, Vəslini arzularam, daxi betər yanaram. Eşq ilə şövqün odu canıma kar eylədi, Gör necə tabından, ey şəmsü qəmər, yanaram. Məndən irağ olduğun bağrımı qan eylədi, Oldu gözümdən rəvan xuni-cigər, yanaram. Şəmi-rüxün surəti qarşıma gəlmişdürür, Şəşəəsindən mana şölə düşər, yanaram. Səbr ilə aramımı qapdı əlimdən qəmin, Badi-həvadan degil, qəmdən əgər yanaram. Çıxdı içimdən tütün, çərxi boyadı bütün, Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram. Yandığımız yar üçün, gizli degil, mən dəxi Hər nə qədər kim, anın könlü dilər, yanaram. Müddəi yanar demiş qəmdə, Nəsimi üçün, Qəmdə yanan yarı yar çünki sevər, yanaram. |