DÜNYANIN TALEYİ EKOLOJİ TARAZLIQDAN ASILIDIR
TƏBİƏTƏ ZİYAN VURMAQ OLMAZ
“Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə hesab edirəm ki, o, mənim qolumu, barmaqlarımı kəsir… İnsan qurmalıdır, yaratmalıdır… Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”.
Heydər ƏLİYEV
Dünyada ekoloji tarazlığı qorumaq, ətraf mühiti mühafizə etmək Yer kürəsini, həmçinin burada mövcud olan bütün canlı və cansız aləmi məhv olmaqdan xilas etmək deməkdir. Hazırda baş verən qlobal təbii proseslər və onların fəsadları da birbaşa, ya da dolayısı yolla təbiətə insanların münasibəti, ətraf mühitə vurduğu zərərlə əlaqədardır. Yəni çox şey özümüzdən asılıdır. Sağlam və rahat ömür sürmək istəyiriksə, təbii fəlakətlərdən xilas yolu axtarırıqsa, təbiəti qorumalı, ətraf mühiti çirkləndirməməliyik. Onsuz da dünyadakı müharibələr, texnoloji proseslər ekologiyaya ağır zərbələr vurmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya bütün bunlara biz çox böyük diqqət göstərməliyik”.
DÖVLƏT QAYĞISI
“İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir”.
Heydər ƏLİYEV
Son illər Azərbaycanda təbiətə dövlət səviyyəsində çox yüksək qayğı göstərilir. Müxtəlif layihələr hazırlanıb, həyata keçirilir. Bunun nəticəsidir ki, ölkəmizdə yaşıllıq sahələri xeyli genişlənmiş, meşələr bərpa olunmuş, yeni meşə zolaqları salınmış, ətraf mühitin sağlamlaşdırılması üçün əsaslı tədbirlər görülmüşdür.
Böyük təbiətşünas alim Həsən Əliyev deyirdi: “Ekologiya yaxın gələcəkdə bütün elmləri biri-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri-mümkündür”.
Ölkəmizdə təbiətə göstərilən dövlət qayğısının ən bariz nümunələrindən biri də “İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabının çap olunmasıdır.
Kitabda Azərbaycanda ekoloji problemlərin həllinə yönəldilən tədbirlərin Prezident tərəfindən prioritet elan edildiyi, dövlət başçısının sərəncamları ilə ölkəmizdə yeni qoruqların yaradılması, daha əvvəl yaradılan qoruqların sahələrinin genişləndirilməsi, Xəzərin sahilində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində böyük işlərin aparıldığı qeyd olunub.
Dövlət qayğısının sayəsində Kür çayı boyunca yerləşən kəndlərdə yaşayan 450 mindən çox adam içməli su ilə təmin olunub.
Son zamanlar iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir.
Azərbaycan hələ 2003-cü ildə Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram qəbul etmişdir. Minilliyin İnkişaf Məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilmişdir.
Meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində aparılmış meşəsalma və meşəbərpa tədbirləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi hazırda ölkə ərazisinin 12 faizini təşkil edir. Son 17 ildə 152,4 min ha meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 96 milyon 445 min ağac əkilmişdir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildəki 478 min hektardan 893 min hektara qədər artırılaraq ölkə ərazisinin 10,3%-nə çatdırılmışdır. İndi Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı vardır.
Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 17 ildə 7 milyard ədədə yaxın balıq, o cümlədən, nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılmışdır.
ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ BƏŞƏRİYYƏTƏ ZƏRBƏDİR
“Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman nankor, rəhmsiz, vicdansız ola bilməz”.
Həsən ƏLİYEV
Müasir dövrdə enerji təhlükəsizliyi və ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Bütün dövlətlər özlərinin yanacaq-enerji balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 2015-ci ildə Paris şəhərində keçirilmiş 21-ci Tərəflər Konfransında qlobal iqlim dəyişmələri üzrə 2020-ci ildən sonrakı dövr üçün iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səviyyəli beynəlxalq-hüquqi sənəd olan Paris Sazişi qəbul edilmişdir.
Azərbaycanda iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bərpa olunan enerji mənbələrindən və səmərəli texnologiyalardan istifadənin artırılması, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması və onun əvəzinə daha təmiz yanacaq olan təbii qazdan istifadə edilməsi, meşə ərazilərinin genişləndirilməsi, səmt qazlarının atmosferə atılma həcminin və elektrik enerjisi istehsalında sərf olunan şərti yanacaq vahidinin ildən-ilə azaldılması və s. kimi tədbirlər həyata keçirilmişdir.
Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Respublikası bu günə kimi 21 konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.
“QLOBAL EKOLOJİ PROBLEMLƏR QLOBAL BAXIŞ TƏLƏB EDİR”
“Dünyada ekoloji problemlərin doğurduğu narahatlıq hər birimizi dərindən düşünməyə vadar edir”. Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA kampaniyasının təsisçisi Leyla Əliyeva deyib.
O bildirib ki, təbiəti daha səmərəli, daha güclü mühafizə etmək üçün innovativ yanaşmalara daim ehtiyac duyulur: “İDEA ətraf mühitin mühafizəsi üçün beynəlxalq dialoq qurmağa çalışır. Təbiətə ziyan vurmamaq üçün ekoloji problemlərin həllinə yaşıl düşüncə ilə yanaşmanı və təbliğ etməni fəalliyətimizin əsas prinsipi hesab edirik… Ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların birləşdirici, ümumi həyat fəlsəfəsinə çevrilməlidir. Şübhəsiz ki, ekologiya haqqında düşünmək gələcək haqqında düşünmək deməkdir.
Təbiəti sevməmək mümkün deyil. İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir. Son dövrdə gənclərimiz, könüllülərimiz 4 milyondan çox ağac əkiblər”.
İKİLİ MÜNASİBƏT
“Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağac kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.
Heydər ƏLİYEV
1980-1990-cı illərdə respublikamızda yaranmış xaotik vəziyyət, iqtisadiyyatın darmadağın edilməsi, özbaşınalıq və hərki-hərkinəlik təbiətə də öz təsirini göstərmiş, ölkə ərazisində ekologiyaya və ətraf mühitə amansız münasibət yaranmışdır. Meşələr doğranır, yaşıllıqlar məhv edilir, ətraf mühit bərbad hala salınırdı.
O vaxtlar mən “Salam” qəzetində işləyirdim və “Meşələrin dilsiz harayı” adlı bir yazı çap elətdirmişdim. O yazıda hər yerdə, həmçinin Tərtər rayonunda meşələrin insafsızcasına məhv edilməsi əsas qayəni təşkil edirdi.
Belə bir epizot da vardı: “Hələ Nüşabənin dövründən də əvvəl Bərdə meşələri ilə bu günlərə kimi çiyin-çiyinə ömür sürən Tərtər meşələri indi insanların soyuqluğundan, baxımsızlığından, ürəyi daşlığından yazıqlaşıb, quruya-quruya seyrəlib, kəsilə-kəsilə pərən-pərən düşüb. İş o yerə çatıb ki, adamlar meşələrin torpağını da acgözlüklə talan edib, münbitdir deyə, maşın-maşın daşıyaraq satan satır, satmayan da öz şəxsi həyətlərinə doldurur. Hələ odun və tikinti materialı kimi istifadə etmək, satmaq məqsədilə hər il baltalanan yüzlərlə cavan-qoca ağacları, nə üçünsə məhv edilən pöhrələri, şivləri demirəm. Belə adamlar təbiətin–əslində bizim düşmənimiz kimi meşələrin ömrünə qəsd edir, kar qulaqları ilə ağacların dilsiz harayını eşitmirlər.
…“Goranboy–Tərtər” və “Tərtər–Ağdam” magistral yollarının kənarlarında olan ağaclar kilometrlərlə “yaşıl tunel”lər yaradırdılar. Bu “yaşıl tunel”lərin ağac “hörgüləri” yavaş-yavaş sökülür. Bunun qarşısı vaxtında alınmasa, təbiətin belə möcüzələrinə də tamarzı qalacağıq. Meşələrin dilsiz harayını eşitmək, onları məhv olmaqdan qorumaq, bərpa etmək və yenidən həyata qaytarmaq hamımızın borcudur. Çünki meşələr bizim həyatımızı qoruyur”.
Sonralar respublikamızın hər yerində olduğu kimi, Tərtərdə də belə ekoloji talanın qarşısı alındı, təbiətdə bərpa işləri başladı, yeni meşə zolaqları və yaşıllıqlar salındı, yüz minlərlə ağac və gül kolları əkildi, ətraf mühitin çirklənməsinə qarşı ciddi mübarizə aparılmasına start verildi, yaralı təbiətin sağalması və sağlamlaşması üçün lazım gələn hər cür tədbirlər görüldü və bunlar hazırda da davam etdirilir.
Tərtər rayonunda son 5 ildə 178 min 500 ədəd müxtəlif növ ağac, 37 min ədəd gül kolları, 3 milyon 950 min həmişəyaşıl kol (lüqustr) əkilmiş və becərilmişdir.
Təkcə 2019-cu ilin birinci rübündə 9 min ədəd ağac və 2 min ədəd gül kolu əkilmişdir.
Rayon mərkəzində və kəndlərdə yaşıllaşdırma işləri ənənəvi hal almış və hər tərəf–yol kənarları, yaşayış məntəqələrinin əraziləri yaşıl örtüyə bürünmüşdür. Burada ekologiyanın mühafizə olunması və ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizə, respublikamızda olduğu kimi, həmişə diqqət mərkəzində saxlanılır.
J.Borodin yazırdı: “Təbiəti korlamaq ən ağır və dəhşətli cinayətdir. Onu məhv etmək asan, bərpa etmək isə qeyri-mümkündür”.
Və yaxud Fyodor Dostoyevski deyirdi: “Təbiətə qarşı işlənən cinayətin qisası, insan ədalətindən daha çətindir”.
Bizim təbiətə vurduğumuz yaralar heç vaxt əvəzsiz qalmır. Bu yaralar təbii fəlakətlərə–fırtınalara, zəlzələlərə, sunamilərə, yanğınlara, tornadolara, sellərə çevrilib insan övladının üzərinə qayıdır. Ona görə də biz təbiətlə çox ehtiyatlı və nəvazişlə davranmalıyıq.
EKOLOJİ TERROR
“Hər dağıntı düzələ bilir, təbiətin dağıntısı heç vaxt…”
Falih Rıfkı ATAY
Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf 7 rayonun ərazisində Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə məhv edən təcavüzkarın vurduğu ziyan adamda dəhşət yaradır. İşğal edilmiş, ərazilərdə 261 min hektar meşə sahəsi, o cümlədən, nadir ağac növlərinin bitdiyi 13 min 197,5 hektar meşə sahəsi, 215 təbiət abidəsi və 5 geoloji obyekt məhv edilib.
Böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 min 388,6 hektarı–Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilir.
İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün ciddi təhlükə yaranıb.
Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Ki-çik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağ-dərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su mənbələri çirkləndirilir, dağıdılır və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb.
Ermənilərin işğal altında sax-ladığı torpaqlarda ümumi həcmi 631 milyon kubmetr olan 10 su anbarı, o cümlədən, Tərtər çayı üzərində inşa edilmiş, su tutumu 560 milyon kubmetr olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng Su Anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir.
Təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri erməni işğalçıları tərəfindən düşünülmüş şəkildə od vurularaq yandırılır. Ermənilər tərəfindən mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlar məhv edilib, ətraf mühitə və canlı təbiətə əhəmiyyətli dərəcədə ziyan vurulub.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən aparılmış ilkin qiymətləndirməyə görə biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, ətraf mühitin, o cümlədən, su mənbələrinin çirkləndirilməsi ilə bağlı, eyni zamanda faydalı qazıntı yataqlarının talanı nəticəsində təbiətə dəymiş ziyan işğal dövrü ərzində 244,4 milyard ABŞ dolları həcmindədir.
Bütün bu sadaladığımız və qeyd etmədiyimiz faktlar erməni vandallarının ekologiyaya vurduğu dəhşətli ziyanı açıq şəkildə göstərir və onların təkcə Azərbaycan xalqına deyil, onun təbiətinə, flora və faunasına necə vəhşicəsinə düşmənçilik etdiyini isbatlayır. Bu ağır zərbənin təsirini təbiət uzun illər öz üzərində hiss edəcək və ağrısını çəkəcəkdir.
* * *
Fikrimi ulu öndər Heydər Əliyevin aşağıdakı müdrik kəlamı ilə bitirmək istəyirəm: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir…”.
Tofiq YUSİF,
(Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)