KÖVRƏK QƏLBİN DÖYÜNTÜLƏRİ
Hər bir yaranmışın–xüsusilə insanın əvvəli və sonu vardır. Bu iki məfhum arasında olanlar, ötüb-keçənlər bir həyat tarixçəsi hesab olunur. Yəni, yaşanmış keşməkeşli, acılı-şirinli günlərin xatirələrinə çevrilir. Bu xatirələr ömrü boyu insanı izləyir. Bəzən onları bölüşmək, paylaşmaq istəyi yaranır, ehtiyacı duyulur. Bu zaman bir parça kağız-qələm köməyə gəlir və xatirələrlə baş-başa qalırsan. Çalışırsan elə yazasan ki, oxuyan bir təskinlik tapsın.
Qarşımda dəftər vərəqinə qısa yazılmış tərcümeyi-halı xatırladan kövrək bir qəlbin çırpıntıları var. Burada atalı-analı günlərin həsrəti duyulur, ömür-gün yoldaşına vəfalılıq, Vətən-Yurd məhəbbəti uyuyur.
Bu xatirələri dilə gətirən hamımızın yaxşı tanıdığı, camaat arasında böyük hörmətə layiq, ağsaqqal, həlim təbiətli bir insan olan Zakir Bağırovdur.
Zakir müəllimə olan hörmətdən dolayı onun xatirələrinə heç bir əlavə etmədən istədim dərd sahibinin öz dili ilə oxucuya çatdırılsın. Zakir müəllim ötən günlərini belə xatırlayır:
–Atam Mehdiyev Bağır Tağı oğlu 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nənəcir kəndində anadan olub. Uşaq vaxtlarında atası ilə anası ayrıldıqdan sonra anasının himayəsində Vedibasar rayonunun Xalisə kəndində boya-başa çatmışdır.
1943-1945-ci illərdə Böyük Vətən Müharibəsinin iştirakçısı olub.
1946-cı ildə müharibədən qayıtdıqdan sonra əslən Vedibasar rayonunun Qaraqoyunlu kəndindən olan 1929-cu il təvəllüdlü Mehdiyeva Maral Mövlanverdi qızı ilə ailə həyatı qurub, həmin kənddə yaşamışlar. Anam Kolanlı kəndində 7-ci sinfi qurtardıqdan sonra həmin rayonun Baxçacıq kəndində ibtidai sinif müəllimi işləmişdir. Bu, 1941-1945-ci illərə təsadüf olunur.
Anam ailə həyatı qurduğu üçün müəllimlik fəaliyyətini dayandırır. 1949-cu ildə Stalin–Mikoyan cütlüyünün verdiyi əmrə əsasən ailəmiz, o cümlədən, Qarabağlar rayonunun Çığındərə deyilən kəndi Azərbaycan Respublikasına deportasiya edilmiş, mal-qara ilə birlikdə yük daşınan vaqonlarda Salyan rayonunun Xıllı qəsəbəsində məskunlaşmışlar.
Atam İrəvanda Kənd Təsərrüfatı Texnikumunu bitirdiyi üçün Qaraqoyunlu kəndində komsomol katibi və kənd fermasına başçılıq etmişdir. Yaxşı işinə görə onu partiya sıralarına qəbul etmişlər. Qaraqoyunlu kəndinin mal-davar fermasını da özləri ilə Salyan rayonuna gətirmiş, lakin yay vaxtı aran şəraitinə dözməyən heyvanlar Şamaxı yaylağında tələf olmuşlar. Bu barədə atam Azərbaycan KP MK-nin 1-ci katibi Mir Cəfər Bağırova teleqram vuraraq, komissiya tələb etmişdir. Göndərilən komissiya aydınlıq gətirmiş və ölümün səbəblərini aydınlaşdıraraq, akt tərtib etmiş, bir nüsxəsini də atama vermişlər.
Atam partiyaçı olduğu üçün Salyan rayonunun 1-ci katibi atama Bakı şəhərində partiya məktəbində oxumağı təklif etmiş, lakin aran şəraitinə uyğunlaşmadıqları üçün atamgil yaxın 5 ailə ilə birlikdə Tərtər rayonunun Hacıqərvənd kəndinə köçüb gəlmişlər. Atam 1951-1964-cü illərdə həmin kənddə təsərrüfat briqadiri və qoyun ferma müdiri işləmişdir. Xəstələndiyi üçün ərizə ilə işdən çıxmışdır. Atam yenidən təhsilini Gəncə şəhərində bir illik mühasibat kursunda davam etdirmiş, qurtardıqdan sonra rayonda mühasib kimi fəaliyyətə başlamış, müxtəlif işlərdə, o cümlədən, 15 ilə yaxın avtomobil hissələri mağazasında müdir işləmişdir. 2006-cı ildə vəfat etmişdir. Anam isə təqaüdə çıxana kimi Mirzə Fətəli Axundov adına kolxozda kolxozçu olmuşdur. Atam və anam 7 uşaq: 5 oğlan, 2 qız tərbiyə edərək, onların 4-ünə ali təhsil, 1-nə isə orta ixtisas təhsili vermişlər. Hələ orta məktəbdə oxuduğumuz vaxtı dərslərdən çətinliyimiz olanda anam bizə istiqamət verərdi. Anam son vaxtlara kimi eynəksiz “Yeni Tərtər” və “Vedibasar” qəzetlərini həvəslə oxuyardı.
Anam 2019-cu il aprel ayının 10-da gözlərini əbədi yumdu. Ananı itirmək övlad üçün dözülməzdir.
Anamdan bir ay sonra isə həyat yoldaşım Məmmədova Reyhan Əli qızını itirdim. Allah bütün dünyasını dəyişmiş analara rəhmət eləsin, qəbirləri nurla dolsun!
Doğmaların itkisi insan üçün dərddir, ələmdir. Özü də ömrün aqil çağında. Bu itkilər insanın ata-anadan, ömür-gün yoldaşından gördüyü hədsiz sevgisinin, istəyinin sonu deməkdir. Heç zaman unudulmayan, yaddan çıxmayan qayğılara, nəvazişlərə həsrət qalmanın nisgilidir!
Amma nə etməli? İstəsək də, istəməsək də bu, həyatdır. Hər birimiz itkilərlə yaşamağa məhkumuq. Bu, həyatın heç zaman dəyişilməyən qanunudur. Ulu Tanrı tərəfindən təsdiqlənmiş qanunun acısını səbrlə çəkməliyik. Allah səbrinizi versin, Zakir müəllim! Qalanlar sağ olsun.
Elfuzə VƏLİYEVA