Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyn

    Bu günlərdə redaksiyamıza orta yaşlı bir kişi gəldi. Bildirdi ki, qardaşı Qarabağ savaşında şəhid olub. Şəhidlər bizim qürur yerimizdir. Bu mövzuda yazmaq çətin olsa da, onu şərəf işi bilib, şəhiddən yazmağı müqəddəs vəzifə hesab edirəm.
    Danışdıqca onun həsrətdən dil-dodağı əsirdi. Dedi ki, Vasifin 18 yaşı varıydı şəhid olanda. Məndən kiçik idi. Cəmi 9 ay hərbi xidmət çəkdi.
    18 yaş nədir ki, müharibənin od-alovuna tab gətirsin, qan-içən, yağı düşmənin hücumunu qarşılayıb, dəf etsin. Axı, biz, hətta o yaşdakı cavanlarımız müharibəni kinolarda görmüşdük, kitablarda oxumuşduq. Özü də müharibəyə nə özümüz, nə də düşüncəmiz hazır deyildi. Heç kəsin–kiçiyin də, böyüyün də müharibəni və onun gətirdiyi fəlakətləri görmədiyi halda o dəhşətləri yaşamalı olmuşduq. Ta yaranışımızdan Vətən, Torpaq bizim üçün əziz olduğundan, onu qorumağı şərəf işi bilib düşmən qarşısına çıxan oğullarımız geri çəkilmədən ölümün gözünə dik baxaraq, canlarından, qanlarından keçdilər, Vasif Abdullayev kimi.
    Qardaşı Məhəmmədin dediklərindən:
    –1993-cü ildə hərbi xidmətə çağrılanda çəkinmədən, könüllü getdi. Ürəkli oğlanıydı. Evə gələndə qalmaq istəmirdi, əynini dəyişən kimi döyüşə qayıdırdı. Axırıncı dəfə evdən çıxanda bildirdi ki, bir müddət gələ bilməyəcəm. Hətta şəhid olarkən xəbər tutmadıq. Qonşu kəndlərdən olan döyüş yoldaşları Azər, Şəmsi və Səlim şəhidliyi haqqında xəbər gətirdilər…
    Vasif Abdullayevin döyüş yolu Ağdərəətrafı kəndlərdən keçmişdi. “Faqot” adlı silahı ilə birgə düşmənə qarşı cəsarətlə döyüşürdü. 26 iyun 1994-cü il bu ürəkli vətən oğlumuzun son savaşı oldu. Çardaxlı kəndində qanlı döyüş gedirdi. Düşməni diri tutmaq məqsədi ilə onların “BMP”-nin üstünə çıxdığı zaman içəridən atılan gülləyə tuş gəlir. Düşündüyü planını həyata keçirə bilmədi. Cəsədi döyüş bölgəsində qaldı.
    O zamandan Vasifin adı itkinlər siyahısına daxil oldu. Döyüş yoldaşları onun şəhid olduğunu gözləri ilə görsələr də, işğal olunmuş ərazidən meyidini çıxara bilmədilər. Bu gün də doğmalarının gözü Vasifi axtarır. Heç olmasa bircə başdaşı ola!–deyirlər. “Bəlkə o bizə təsəlli verərdi. Ürəyimiz Vasif üçün qarsalananda qəbri üstə gedib, onu ziyarət edərdik.
    Çox təəssüf ki, bu cür mərd oğlanın bir nişanəsi belə yoxdur!
    Xalqımız və dövlətimiz öz övladını heç zaman unutmur. Vasif Abdullayevin adını doğulduğu kəndin məktəbi daşıyır. Hər il burada onun anım günü qeyd olunaraq, keçdiyi döyüş yolu xatırlanır.
    Qəddar ermənilərin başladığı müharibənin dəhşətlərini uzun illərdir ki, yaşayırıq. Bir gün vətənimizə ölüm xəbəri deyil, qələbə müjdəsi yayılacaq, o zaman Vasif kimi oğulların didərgin ruhları rahatlıq tapacaq. Bu mütləq olacaq!…

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 09:25

İsmarıclar bağlıdır.