Umudlu kənd tam orta məktəbin IV sinif şagirdləri bu il ibtidai sinifi başa vurdular. Qısa olaraq bu sinif haqqında məlumat vermək istərdim. Çünki bu sinifin uşaqları ayrı-ayrılıqda çox böyük gələcəyi olan istedadlı uşaqlardır. 20 nəfər şagirddən ibarət olan bu sinif Zümrüd Rasim qızı Mustafayevanın əməyinin məhsuludur. Zümrüd müəllimə 40 ildir ki, Umudlu kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Onun yetirdiyi şagirdlər müxtəlif sahələrdə uğurlar qazanıblar. Bütün vaxtını şagirdləri ilə keçirmək, onlarla birlikdə olmaq bu müəllimin həyatının mənasını təşkil edir. Onun sevgi dolu fəaliyyəti şagirdlərinə də sirayət edib. Onlar da müəllimi kimi həyat doludurlar.
Zümrüd müəllimənin uzunmüddətli pedaqoji fəaliyyətində belə buraxılış siniflər çox olub.
Ancaq bu ilki IV siniflər rayon və məktəb tədbirlərində yaxından iştirak etmişdilər.
2018-ci il noyabrın 9-da “Bayraq meydanı”nda keçirilən ümumrayon tədbirində gözəl bir kompozisiya ilə çıxış etdilər. O cümlədən, Umudlu kənd tam orta məktəbin yetirməsi Elçin Qasımov da məktəbin özünün keçirtdiyi görüş tədbirində yüksək səviyyədə çıxış etdi.
Bütün bu çıxışlardan daha yaddaqalanı 2019-cu il fevralın 28-də Umudlu kəndinin işğalı ilə bağlı 6 saylı məktəbdə keçirilən “Umudluya qayıdacağıq” tədbirində daha geniş kompozisiya ilə çıxış etdilər. Bu tədbirdə isə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və digər məsul şəxslər IV sinif şagirdləri ilə xatirə şəkili çəkdirdilər. Bu fidan balalar Zümrüd müəllimənin təşkilatçılığı ilə çox maraqlı “Son zəng” keçirdilər. Onlar özləri rəngarəng proqramlar hazırlamışdılar.
Bu cür uşaqlara baxdıqca qürur hissi keçirirdim və fikirləşdim ki, belə qabiliyyətli, vətənpərvər övladları olan vətən düşmən tapdağı altında qala bilməz.
Zümrüd müəlliməyə deyirəm ki, əməyinin bəhrəsi həmişə belə uğurlu nəticə versin və onu da arzu edirəm ki, “Umudluya qayıtmaq ümidi ilə” kompozisiyası tezliklə işğaldan azad olunan Umudlu torpaqlarında nümayiş olunsun.
Amin!
Kənan HÜSEYNZADƏ