Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,234
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyn

     

    TƏRTƏRİM

    Murovdağın ətəyindən boylanan

    Sən bir cənnət bucağısan, Tərtərim.

    Vətənimiz qədim Odlar Yurdunun

    Sönməz odu-ocağısan, Tərtərim.

     

    Əsrlərin yaşıdısan–ulusan.

    Hər tarixi şanlı hünər dolusan,

    Qarabağa gedən zəfər yolusan,

    Xoş günlərin sorağısan, Tərtərim.

     

    Bürünmüsən yaşıla sən, ala sən,

    Görüm səni daim abad olasan!

    Sən yenilməz, bir alınmaz qalasan,

    Düşmənlərə göz dağısan, Tərtərim.

     

    Sahilboyu sərin yaylaq havası,

    Axşamüstü bir aləmdir səfası.

    Tərtərçayın səsi–ana laylası,

    Doğma ana qucağısan, Tərtərim.

     

     

    Asif deyər sən dahilər yurdusan,

    Qəhrəmanlar, fədailər yurdusan.

    Cavanşirlər, Xətailər yurdusan,

    Azərbaycan torpağısan, Tərtərim.

     

    DÜŞÜNCƏLƏR

    Payıza dönəcək gənclik baharı,

    Bir gün gec, bir gün tez, nə fərq edər ki?

    Yetəcək mənzilə ömür qatarı,

    Bir gün gec, bir gün tez, nə fərq edər ki?

     

    Budur Yaradanın qoyduğu qərar,

    Hər bir başlanğıcın bir də sonu var.

    Növbədir, gec ya tez, hamıya çatar,

    Bir gün gec, bir gün tez, nə fərq edər ki?

     

    Asif, demə yaşın yüz yox, əllidir,

    Bunlar insan üçün boş təsəllidir.

    Onsuz da həyatın sonu bəllidir,

    Bir gün gec, bir gün tez, nə fərq edər ki?

     

     

    Müəllif: Redaktor, 08:43

İsmarıclar bağlıdır.