Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    Müşavirədə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
    Yerli icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kənd təsərrüfatı mütəxəssislərinin, fermerlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Tərtər rayonunda uğurla icra olunur.
    Diqqətə çatdırılıb ki, rayon ərazisində bu günə kimi 9447,7 hektar sahədə yazlıq əkin işləri aparılıb. Buğda və şəkər çuğunduru istehsalına görə ötən illər respublikada ön sıralarda gedən tərtərli əkinçilər bu il də yüksək məhsul əldə etməyi qarşılarına məqsəd qoyublar. Belə ki, 2018-ci ildə 7545,6 hektar buğda sahəsindən 30 min 984,4 ton, 859 hektar şəkər çuğunduru sahəsindən 29 min 928 ton məhsul əldə edilib. Buğdanın orta məhsuldarlığı 41,1 sentner, şəkər çuğundurunun orta məhsuldarlığı 378,1 sentner olub. Bu il isə 7087,9 hektar sahədə buğda, 682,5 hektar sahədə şəkər çuğunduru əkilib. Əkin və becərmə işləri aqrotexniki qaydalara düzgün əməl olunaraq aparıldığı üçün bu il də sahələrdə bol məhsul yetişdirilib.
    Bildirilib ki, 2017-ci ildə 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək, orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları 2018-ci ildə də yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. 2014-2018-ci illərdə Tərtər rayonunda pambığın əkin sahəsi 3,6 dəfə, məhsul istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq 13,2 faiz artıb. Cari ilin məhsulu üçün rayonda 3427 hektar sahədə pambıq səpini aparılıb, yaxşı bitiş alınıb. Hazırda becərmə işləri görülür.
    Rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafı istiqamətində də müvafiq işlər görülüb. Son üç ildə rayon ərazisində 223 min 357 ədəd çəkil tingi əkilib. Ötən il rayon üzrə 10,2 ton barama istehsal olunub. Bu il isə kümçülərə 500 qutu ipəkqurdu verilib, 20 tondan artıq barama istehsalı nəzərdə tutulub. İyunun 17-sinə kimi 14,3 ton barama “Azəripək” MMC-yə təhvil verilib. Hazırda barama qəbulu davam edir.
    Müşavirədə əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Taxıl biçini zamanı təhlükəsizlik tədbirləri, xüsusilə də yanğın hadisələrinin qarşısının alınması üçün müvafiq işlərin görülməsi, texnikanın hazırlıq vəziyyəti müzakirə olunub, taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün aidiyyəti qurumlara lazımi tapşırıqlar verilib.

    Müəllif: Redaktor, 10:32

İsmarıclar bağlıdır.