Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizmə, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.
    Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Fondun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmiş və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunmuşdur.
    2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çox-saylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər.
    Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.
    Cari ilin mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başladı.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
    Dövlətimizin başçısı V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söylədi.
    Prezident İlham Əliyev bu mötəbər Foruma dünyanın 100-dən çox ölkəsindən 500-dən çox nümayəndənin qatıldığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü qeyd etdi. Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini söylədi.
    ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Los-Ancelos Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Kolumbiya ştatının Vaşinqton Hüquq Assosiasiyasının məsləhətçisi Janna Skot və başqaları çıxış edərək ölkəmizdəki multikulturalizm mühitinin bütün dünyaya nümunə olduğunu bildiriblər. Qeyd edilib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Bu, olduqca təqdirəlayiq haldır.
    Bütün bu deyilənlər onu şərtləndirir ki, həqiqətən, Azərbaycandakı tolerantlıq modeli dünyaya nümunədir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:58

İsmarıclar bağlıdır.