Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    Bütün həyatı boyu narahat ömür yaşasa da, gəncliyinin ən gözəl çağlarını sürgünlərdə, əsir düşərgələrində keçirsə də, bu didərgin şairin də doğulub boya-başa çatdığı eli-obası, daima onu öz qucağına səsləyən yurd-yuvası olub. O yurd qocaman Tərtər çayının zümzüməsini hər an eşidən, onun büllur kimi saf və təmiz suyundan cənnətə dönən Tərtər rayonunun Borsunlu kəndidir.
    Məzahir hələ kiçik yaşlarından el sənətkarlarının sözlərini, ustad sənətkarların qoşduqları nəğmələri məharətlə ifa edər və kəndin savadlı, xalq yaradıcılığını gözəl bilən insanlarının diqqətini çəkərdi. Bütün bunlar onun yazmaq, yaratmaq eşqini, həvəsini artırardı. Onun istedadı xalqımızın əvəzolunmaz şairi Səməd Vurğunun da diqqətindən kənarda qalmamış və ömrünün sonuna qədər şair ona öz köməyini əsirgəməmişdi. Hətta Səməd Vurğun dostu Aleksandr Fadeyevlə birgə Daşqının dalınca Sibirə gedib çıxmışdır. Bu da şairin Daşqına verdiyi ən böyük qiymət idi və onun istedadına inamından irəli gəlirdi.
    Ömrü boyu dinclik, rahatlıq, azadlıq və həqiqət axtaran şair çox keşmə-keşli və haqsızlıqlarla dolu bir ömür yaşamışdır. Bütün bunlara baxmayaraq, o, gələcək nəsillərə xalq yaradıcılığından qaynaqlanan bir əbədi irs qoyub getmişdi. Şairin hələ də xalq içərisində ağızdan-ağıza yayılan və yazıya alınmayan düzüb qoşduqları toplanmasa da, əlimizdə kifayət qədər yaradıcılıq nümunələri var. Bu da şairin yaradıcılığı haqqında ətraflı danışmağa imkan verir. Onun aşıq şeirinin qoşma, gəraylı, təcnis, divani və s. janrlarında yazdığı əsərləri diqqəti daha çox cəlb edir. Məzahir Daşqının dili çox sadə, anlaşıqlıdır. Odur ki, əsərləri tez yadda qalır, çünki xalqın başa düşəcəyi bir dildə yazılıb. Mövzu baxımından da Daşqın yaradıcılığında rəgarənglik çox güclüdür. Bu da şairin zəngin istedada və geniş dünyagörüşə malik olmasından irəli gəlir. Onun hansı mövzuda, hansı janrda yazmasından asılı olmayaraq, bütün əsərlərində şairin ürək çırpıntılarını hiss edirik. Azərbaycanımızın dağı-aranı, kəndi-şəhəri, çayı-gölü öz bədii ifadəsini Daşqın yaradıcılığında çox gözəl tapmışdır. Bu da diyarşünaslıq baxımından daha geniş məlumatlar əldə etməyə imkan verir. Yəni, diyarşünaslıq hər hansı bir müəyyən ərazinin hərtərəfli öyrənilməsidir və hər bir elmi əsasda öyrənmənin obyekti olur. Kəndin, şəhərin, dağın, meşənin və s. təbiəti, yaxud tarixi, ədəbi-mədəni sərvətləri öyrənmə obyekti ola bilər. Məsələn, Daşqının yazmış olduğu ”Göygöl” və ”Göygölə gəl, Göygölə” şeirləri Göygölün yaranma tarixini öyrənmə obyektidir:
    Uzaq keçmişlərdən qalmış asarsan,
    Dəhşətli tufandan bir yadigarsan.
    Söylə ,kimə vurğun, de kimə yarsan?
    Ağsu pərisinin anası Göygöl
    Bu bəndin birinci sətrində “Uzaq keçmişlərdən qalmış asarsan” deyən şair Göygölün keçmişdən bizə gəlib çıxan bir abidə olduğuna işarə edir. İkinci sətrində isə gölün hansı təbiət hadisəsindən yarandığına toxunur. Ağsu çayı haqqında yaranmış əfsanə və rəvayətləri vurğulayır. Bu da şairin toxunduğu mövzuya (yəni, Göygölə) aid bilikləri genişləndirir, gölün təkcə bizim diyara aid olduğunu təsdiqləyir.
    Ölkəmizin ərazisindən axan İncə, Ağsu, Kür, Araz və Kürəkçay çayları Daşqının əsərlərində geniş tərənnüm olunmuşdur. Məsələn, Daşqının Aşıq Hüseyn Cavanla deyişməsində İncə çayı haqqında deyilir:
    İncə çayın şəlaləsi Sanki, bir ana laylası.
    Durur Kürdüstan qalası
    Bu dağlarda, bu dağlarda
    Ömrünün çoxu sürgünlərdə, əsir düşərgələrində keçən Daşqın el-obasının bir çınqıl daşını da unutmur. “Ölkəmin” şeirində vətənimizin şah damarı sayılan Kür, Araz çayları ilə yanaşı müəllif təbiət gözəlliklərini də tərənnüm etmiş, diyarımıza olan arzu və sevgisini bildirmişdir.
    Azərbaycanımızın əzəmətli dağları yurd-yuvasını sevən şair üçün əsl ilham mənbəyidir. 1944-cü ildə vətənindən çox-çox uzaqlarda–İtaliyada olan Daşqın “Qayıt gəl”adlı şeirini qoşur:
    Tutuquşu, uç get ana vətənə,
    Dolan o yerlərdə, bir də, qayıt gəl –deyən şair özünün gedə bilmədiyi və hər zaman gözləri qarşı-sında canlanan vətənindən Tutuquşu vasitəsi ilə soraq almaq istəyir.
    Vətənimizin hər qarış torpağı özünəməxsusluğu ilə seçilir. Məsələn, Qarabağ öz təkrarolunmaz gözəllikləri və təbiəti ilə, bənzərsiz muğamları və təbii sərvətləri ilə, milli-mənəvi dəyərlərə söykənən el sənətkarları və folkloru ilə zəngindir. Bütün bunlar Daşqının nəzərindən qaçmamış, yaradıcılığında müəyyən izlər qoymuşdur.
    Natəvanın yurdu, Vaqif oylağı,
    Cənnətdir aranı, behiştdir dağı,
    İsgəndər meşəsi, Ərəm yaylağı
    Çox olar Qazaxda, bir Qarabağda.
    Daşqın bir çox əsərlərində Borsunlu kəndinin adını çəkir:
    Adım Məzahirdir, Borsunlu kəndim ,
    Zamanın selinə tab etməz bəndim.
    Yorğun düşüb bəlkə öldü səməndim,
    Piyada yollarda qaldım, gəlmədim,
    Borsunlu kəndi qədim tarixə malikdir.Tərtərin şimal-qərbində səfalı İncə çayı üzərində yerləşir. Burada aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid “Çar kurqanı” aşkar edilmişdir. Bu kurqan ilk tunc dövrü-nə aiddir. Tapılan əşyalar, aparılan tədqiqatlar göstərir ki, Tərtər qədim vaxtlardan yaşayış məskəni olub.(2, 25).
    Əlbəttə, belə nümunələr Daşqının yaradıcılığında kifayət qədərdir. Çünki Daşqın bir şair, bir vətəndaş kimi əsl xalqın yetişdirdiyi sənətkardır. O, dilimizin bütün incəliklərini, eyni zamanda tariximizi, etnoqrafiyamızı, coğrafiya və folklorumuzu dərindən bilən şairdir. Bu gün Daşqın yaradıcılığının geniş tədqiqata ehtiyacı var.

    Şeyda QULUYEVA, Folklorşünaslıq Elmi-Tədqiqat
    Laboratoriyasının elmi işçisi

    Müəllif: Redaktor, 09:46

İsmarıclar bağlıdır.