Qəbulda rayon icra hakimiyyətinin hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə İsmayılbəyli kənd İƏD üzrə nümayəndə Aslan Babayev kəndin sosial-iqtisadi inkişafı sahəsində görülən işlər barədə məlumat verdi. Qeyd olundu ki, İsmayılbəyli kəndinin 1220 hektar ərazisi, 1586 nəfər sakini var. Ərazidə tam orta məktəb, mədəniyyət evi, tibb məntəqəsi, kitabxana, EATS fəaliyyət göstərir.
Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Cari ildə kənddə 175 hektar buğda, 55 hektar arpa, 230 hektar pambıq, 58 hektar günəbaxan, 5,5 hektar şəkər çuğunduru, 270 hektar yonca, 17 hektar kartof, 35,5 hektar tərəvəz, 4 hektar lobya, 15 hektar qarğıdalı əkilib. Hazırda kənddə 35 qutu ipəkqurdu saxlanılır.
Ötən il kənddə 964 kq barama, 513 ton pambıq, 308 ton taxıl, 38 ton çuğundur istehsal edilib.
Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd ağsaqqalı Lətif Məmmədov məktəb üçün müasir tipli yeni binanın tikilməsi, məcburi köçkün Namiq Rəhimov icarəyə torpaq götürmək istəyi, Firəddin Hüseynov ona həyətyanı torpaq sahəsinin verilməsi, Nailə Zeynalova həyətlərində olan çinar ağacının evlərinə təhlükə törətdiyindən kəsilib götürülməsi ilə bağlı müraciətlər etdilər.
Qaldırılan məsələlərin həlli barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, sakinləri narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən danışdı.
Rayon rəhbəri qeyd etdi ki, İsmayılbəyli kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur, küçələrə içməli su üçün 16 ədəd bulaq çəkilib. Kəndə gələn yolun 3 kmlik hissəsinə asfalt salınıb, 2 km. kəndarası yola çınqıl döşənib, yolun hər iki kənarına 1500 ədəd ağac əkilib. 6 km. kəndarası və sahələrarası arx lildən təmizlənib, 2 ədəd transformator təmir olunub.
Kənddə yeni məktəb binasının tikilməsinin Dövlət Proqramına salınması xəbəri kənd sakinlərinin alqışları ilə qarşılandı.
Kənd sakinləri əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
“Yeni Tərtər”