Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədə yerləşən 5 saylı körpələr evi-uşaq bağçasında 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Hər yerdə uşaqlara qayğı göstərilir və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsilini, sağlamlığını, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Uşaq bağçaları əsaslı təmir olunur, maddi-texniki bazası gücləndirilir. Təkcə rayonumuzda son dövrlər müasir tipli 3 körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib.
Rayon rəhbəri xüsusi olaraq qeyd edib ki, ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanim Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sonra rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının və Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri maraqlı konsert proqramı ilə çıxış etdilər.
Sonda rayon rəhbəri tərəfindən uşaqlara bayram hədiyyələri paylandı.
“Yeni Tərtər”