Ətraf mühitin mühafizəsi, təbiətin qorunması, ekoloji problemlərin aradan qaldırılması aktual məsələlərdəndir. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir.
Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz ekoloji problemlərin həlli barədə demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də ümummilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasında da təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması məqsədi ilə səmərəli istifadə olunması öz əksini tapmışdır. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlər haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ekoloji problemlər daha çox millətlərarası və ölkələrarası məsələ olduğundan ekologiya sahəsində ölkəmizlə bir sıra beynəlxalq təşkilatlar arasında mühüm sazişlər imzalanmış və faydalı əməkdaşlıqlar qurulmuşdur. Mövcud təbii sərvətlərdən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması, bərpası məqsədilə ölkəmiz bir sıra konfessiyalara qoşulmuşdur. “İqlim dəyişmələri üzrə çərçivə konfessiyası”na, “Kökünün kəsilmək təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında konfessiya”ya, “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə konfessiya”, “Bioloji müxtəliflik haqqında konfessiya” və sair onlarla konfessiyalar bu qəbildəndir. Bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayonumuzda da ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq, ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilir. Cari ildən ötən dövr ərzində rayon ərazisində ekoloji tarazlığın qorunması məqsədilə 9 mindən çox müxtəlif növ ağac, 2 min ədəd gül, 500 min ədəd həmişəyaşıl kollar əkilib.
Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılaraq ardıcıl tədbirlər həyata keçirilir. Bu sahəyə göstərilən qayğı hər birimizdən təbiətə, torpağa, vətənə qayğı və sevgi ilə yanaşmağı tələb edir. Ətraf mühitdən istifadə etmək də hər birimizin vətəndaş hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.
Elfuzə VƏLİYEVA