UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ
BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması, erkən yaşda əməyə cəlb olunması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır.
Rayonumuzda uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq bir sıra tədbirlər hazırlanıb həyata keçirilir. Uşaqların məcburi əməyə cəlb edilməsi, zorakılıq hallarına məruz qalması, erkən nikaha cəlb olunması və digər bu kimi hallara qarşı ciddi mübarizə aparılır, maarifləndirmə işi gücləndirilir.
Uşaq tərbiyə müəssisələrində, bağçalarda, ümumtəhsil məktəblərində hər cür şərait yaradılır, onların əyləncə və istirahətlərinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Son illər bir sıra yeni körpələr evi-uşaq bağçalarının tikilib istifadəyə verilməsi, bu məqsədlə istifadə olunan binaların əsaslı təmir olunması və onların lazımi avadanlıqlarla təchiz edilməsi rayon rəhbərliyinin həmişə önəm verdiyi məsələlərdəndir.
Bu sahəyə ölkə Başçısı və rayon rəhbəri səviyyəsində göstərilən diqqət və qayğı da uşaqların müdafiəsi üçün əsas amillərdir.
Nübar XANLARQIZI