İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. Bununla da əlaqədar olaraq, Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq, Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikasının tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycanın səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq, müasir avadanlıqlarla təmin edilir. Səhiyyə işçilərinin problemlərinin həlli də dövlətin diqqətindədir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə realaşdırılan səhiyyə proqramları çərçivəsində 1100-ədək talassemiyalı, bir o qədər də hemofiliyalı xəstələrin problemləri həllini tapıb.
Respublikada gedən səhiyyə islahatları bizim rayonda da öz əksini tapıb. Hər il olduğu kimi, bu il də Prezidentimizin sərəncamına uyğun olaraq fevral ayından may ayına kimi Tərtər rayonunda əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub. Belə ki, 58365 nəfər tibbi müayinədən keçmiş, onlardan 4316 nəfərə ambulator müalicə təyin olunmuş, 76 nəfər stasionar müalicəyə cəlb olunmuş, 5 nəfər də ixtisaslaşdırılmış müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Tərtər səhiyyəsi gündən-günə inkişaf edir və rayon əhalisinin sağlamlığının hər zaman keşiyində durur.
Arzu ƏHMƏDOVA,
Uşaq poliklinikasının həkimi