Tərtər Rayon İcra Hakmiyyətinin və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Psixi sağlamlığımızı qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, “Loqos” PNİM-in Bərdə filialının həkimləri, psixoloq müəllimlər, loqopedə ehtiyacı olan şagirdlər və onların valideynləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov belə bir mövzuda tədbirin məhz düşmənlə təmas xəttində yerləşən bir rayonda keçirilməsini təqdirəlayiq hesab edib və təşkilatçılara təşəkkürünü bildirib.
Təhsil şöbəsinin psixoloqu Gülxar Abbasova, uşaq xəstəxanasının poliklinika şöbəsinin baş həkimi Zəhra Hüseynova çıxış edərək bildiriblər ki, psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Qeyd edilib ki, dövlətimiz tərəfindən bu sahənin inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlər görülür.
Sonra çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva tədbirin təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Çıxış edənlər “Loqos” Bərdə filialının direktoru Günay Hüseynova, loqopedi Sevinc İsmayılova, uşaq psixoloqu Əşrəf Quluyev müxtəlif psixoloji mövzular haqqında geniş məlumat veriblər və auditoriyanın suallarını cavablandırıblar.
Konfransdan sonra “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzin mütəxəssisləri tərəfindən nitq qüsuru olan uşaqlara və onların valideynlərinə ödənişsiz psixoloji və loqopedik müayinə göstərilib.
-
31May
Müəllif: Redaktor, 11:13