İKİ QARDAŞ–ZÜLFÜQAR VƏ ETİBAR QASIMOVLAR
Şəhidlərimizi unutmamaq, onları hər an yad etmək bizim vətəndaşlıq borcumuzdur. Çünki onlar Vətənimiz və onun vətəndaşları üçün canlarından keçiblər. Torpaqlarımızın toxunulmazlığı uğrunda erməni mənfurlarına qarşı mübarizədə canından-qanından keçən şəhid oğullarımızdan biri də Qasımov Zülfüqar Vahid oğludur.
Qarağacı İnzibati Ərazi Dairəsinin Qaradağlı kəndində yaşayan Vahid Qasımovun ailəsində 11 uşaq böyüyürdü. Zülfüqar oğlanların dördüncüsü idi. O, 1972-ci ilin oktyabr ayının 30-da doğulmuşdu. Uşaqlığı böyüyüb boya-başa çatdığı kənddə keçmişdi. Vətənə borcunu ödəmək üçün hərbi xidmətə çağrılmışdı. O zamankı Sovet Ordusu sıralarında, Leninqrad şəhərində əsgəri xidmət keçmişdi. O, orduya doğulduğu Qaradağlı kəndindən deyil, Şuşa şəhər hərbi komisarlığından çağrılmışdı. Çünki Zülfüqar həmin illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdı. 1990-92-ci illər idi.
Məlumdur ki, 1990-cı illərin əvvəli ölkəmizi qanlı olaylar, iğtişaşlar, hərc-mərclik, çəkişmələr bürümüşdü. Hər şeydən öncə xain qonşularımızın torpaqlarımıza göz dikməsi və ərazilərimizi qırğınlar hesabına zəpt etməsi xalqın haqlı hiddətinə səbəb olmuşdu. Zülfüqar Qasımov 1993-cü il sentyabr ayının 15-dən Milli Ordu sıralarında Füzuli, Qubadlı və Beyləqan rayonları istiqamətində gedən döyüşlərdə mərdliklə mübarizə aparıb.
Onun kiçik qardaşı Natiq də eyni hərbi hissədə əsgəri xidmətdə idi.
1994-cü il martın 5-i Zülfüqarın son döyüş günü kimi doğmalarının, onu sevənlərin yaddaşında qalıb. Füzuli rayonunun Veysəlli kəndi uğrunda qanlı döyüşlər gedirdi. Xeyli itkilərimiz olmuşdu. Şəhidlərimizin meyitləri döyüş gedən ərazidə qalmışdı. Onları həmin ərazidən çıxarmaq üçün tapşırıq verilmişdi. Gənc leytenant Zülfüqar irəlidə gedirdi. O həmişə hərbiçi yoldaşlarına və valideynlərinə böyük inamla söyləyirdi: “Mən sağ qalacam, ölməyəcəm, narahat olmayın”. Lakin düşmən gülləsi bu cəsur döyüşçünün gənc ömrünü param-parça etdi. Verdiyi sözə əməl edə bilmədi. Bu qanlı savaşda şəhid oldu, əbədi olaraq Vətənin qəhrəman oğullarından birinə çevrildi. Doğulduğu torpaqda dəfn olundu.
Xeyli illər ötməsinə baxmayaraq, Zülfüqar unudulmur, yaddan çıxmır.
Zülfüqarın qardaşı Etibar Qasımovun şəxsi vəsaiti və rayon rəhbərliyinin köməkliyi ilə Qapanlı kəndində 12 nəfər şəhidin adı əbədiləşdirilərək abidə kompleksi yaradılıb. Şəhid Zülfüqar Qasımov yola saldığımız 2018-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyəti tərəfindən ölümündən sonra “Vətən naminə” və “Milli Ordu-100” medalları ilə təltif olunub.
Şəhid Zülfüqar Qasımov nəinki doğmalarının, həm də doğulub boya-başa çatdığı kəndin sakinlərinin qürur yeridir.
Xalq arasında bir deyim var. “Tikmədim ki, özüm qalam, tikdim ki, izim qala”.
Dünyanın azınnan-çoxunnan xəbəri olan, yaxşını-yamanı anlayan hər kəs həyatda nə isə bir iz qoymağa, bir xeyirxahlıq etməyə çalışır.
Xeyli vaxt idi ki, Etibar Qasımovun fikrindən xeyirxah bir iş görmək keçirdi. Lakin ona həm maddi, həm mənəvi kömək lazımıydı. Bunun üçün rayon rəhbərliyinə, əlaqədar şəxslərə müraciət etməli, onların icazəsi ilə arzusunu həyata keçirməli idi. Amma görəcəyi işi öz şəxsi vəsaiti hesabına etmək istəyirdi. Çox götür-qoydan sonra tərəddüdləri bir kənara ataraq, qəti qərara gəldi: “Mən bu istəyimi həyata keçirməliyəm, özü də indi lap vaxtıdır”–deyib, aidiyyəti şəxslərdən razılıq aldı…
Ötən ilin sonları idi. “Qapanlı kəndindəki” “Şəhidlər abidəsi”nin açılışı olub–dedilər. Onu da dedilər ki, bu işi görən şəhid Zülfüqar Qasımovun qardaşı, Qarabağ müharibəsi veteranı Etibar Qasımovdur. Deməli, onun arzusu həyata keçmişdir…
Etibarla redaksiyada görüşdük. Qarabağ savaşından, Milli Ordunun tərkibində erməni mənfurlarına qarşı apardığı mübarizədən danışdı. Bildirdi ki, 1992-ci ilin fevral ayından “Tərtər Özünümüdafiə batalyonu”na yazılıb. Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucov və Elman Hüseynov kimi igidlərimizlə birlikdə torpaqlarımızın müdafiəsində eyni cəbhədə vuruşub. Ağdərə ətrafı kəndlərin–Çaylı, Marquşevan, Madagiz, “2-ci sovxoz” və başqa məntəqələrin ermənilərdən azad olunmasında cəsarətlə döyüşüb. Onu da bildirdi ki, ilk dəfə yaralandığı zaman Vəzir Orucovla birlikdə Drombon istiqamətində kəşfiyyata getmişdi. Bu zaman qumbaraatanla ayağından və qolundan vurulmuşdu. Müalicə olunmaq üçün bir müddət hospitalda yatmışdı. Sağaldıqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıtmışdır.
1993-cü ilin yanvarında onu Ağdərə polisində işə qəbul etdilər. Etibar Qasımov polisdə işləyən zaman da silahını əlindən yerə qoymadı. O, ermənilərə qarşı mübarizəsini davam etdirdi. Döyüşlərin birində–“3-cü sovxoz” deyilən ərazidə 2-ci dəfə başından yaralanaraq güclü qantuziya aldı və uzun müddət müalicə götürməli olur.
Hazırda Etibar 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Qarabağ savaşı zamanı onun iki qardaşı–Zülfüqar və Natiq də vuruşurdu. Zülfüqar Füzuli istiqamətindəki döyüş zamanı şəhid oldu. Kənddə ucaldılmış abidəni həm qardaşının, həm də şəhid olmuş 11 nəfər digər həmkəndlilərinin ruhu qarşısında bir borc olaraq tikdirib. Etibar hazırda Tərtər rayon Subartezian Quyuları İs-tismarı İdarəsində elektrik montyoru işləyir. 2005-ci ildən 2-ci qrup Qarabağ müharibəsi veteranı olan Etibar Qasımovun sinəsini “Vətən naminə”, “Milli Ordu 100”, “Vətənpərvərlik işində xidmətlərinə görə” və “Fədai” medalları bəzəyir.