Abdullayev Elçin Tapdıq oğlu 2-ci qrup Qarabağ müharibəsi əlilidir. O, Tərtər şəhər sakinidir. Orta təhsilini 5 saylı tam orta məktəbdə bitirdikdən sonra 96 nömrəli texniki peşə məktəbində traktorçu-maşinist ixtisasına yiyələnib. Hərbi xidmətini Rusiyada keçib.
Qarabağ savaşı başlayanda rayonumuzun elektromexanika zavodunda işləyirdi. Azərbaycanın bütün oğulları kimi Elçin də Vətənin müdafiəsinə qoşuldu. “Tərtər Özünümüdafiə Batalyonu”na yazıldı. Ağdərə ətrafı döyüşlərdə vuruşurdu. Erməni qəsbkarlarına sonsuz nifrəti gündən-günə onun qəzəbini artırırdı. Döyüşlər zamanı 2 dəfə yaralanıb. Müalicə aldıqdan sonra yenidən batalyona qayıdaraq döyüşünü davam etdirib. Üçüncü dəfə isə çox ağır vəziyyətdə yaralandı. Qızılqaya ətrafında döyüşdə kürəyindən qəlpə yarası alıb, güclü qantuziya keçirib. Xeyli vaxt hospitalda yatmalı olub. Bakı şəhərində müalicə alıb.
Hazırda Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısından danışaraq bildirdi ki, bizim ölkəmizdə dövlət öz şəhidinə, veteranına, əlilinə dəyər verib, qiymətləndirir. Mənə də ölkə Prezidentinin qayğısı ilə ev tikilib.
Əlilliyə görə təqaüd alıram. Son zamanlarda cənab İlham Əliyevin sərancamı ilə əlillərin təqaüdü xeyli artırılıb. Bütün bunlar bizə göstərilən qayğının parlaq nümunəsidir.
Elçin Abdullayev onu da bildirdi ki, Azərbaycan xalqının hər bir övladı kimi o da vətənimizin ərazi bütövlüyünü, torpaqlarımızın düşməndən azad olunmasını arzulayır. Əgər savaş başlayarsa, bu gün də ürəklə döyüşə gedər. Vətən, torpaq üçün döyüşmək hər bir azərbaycanlının müqəddəs borcudur–söyləyir.
İnanırıq ki, belə fədakar oğulların sayəsində torpaqlarımız mənfur düşmənin əsarətindən azad olunacaq, qaçqın, köçkün soydaşlarımız öz dədə-baba yurd-yuvalarına qayıdacaqlar. O günü böyük ümid və səbirsizliklə gözləyirik.
-
31May
Müəllif: Redaktor, 10:50