Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı kəndində oldu.
Qəbulda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd sakinlərindən Rəfail Abbasov, Asif Mustafayev, Ülviyyə Kazımova, Anar Rəhimov, Nazim Həsənov içməli su təminatı, mübahisəli torpaq məsələsi, işlə təminat və digər şəxsi məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin maddi-rifah halının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov respublika rəhbəri tərəfindən əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində verilən sərəncamlardan, görülən işlərdən danışdı.
Kənd sakinləri əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
“Yeni Tərtər”