05Sen
Səndən ayrı düşən gündən istəmirəm bir an güləm,
Heç olubdu gözlərimdə bütün dünya, bütün aləm.
Vətən deyib sızlayıram, Ərşə qalxır ahım, naləm.
Ovundura bilmir məni burda Qoşqar, Şahdağ, Kəpəz,
Çağır məni, al qoynuna ata yurdum Dərələrəz.
Qəmdən olub ürəyim daş, sinəmi parçalayır,
Süzüldükcə gözlərimdən yaş, sinəmi parçalayır.
Gəlib yetmir ömrün yazı, qış sinəmi parçalayır.
Qovruluram öz içimdə, çəkdiyimi kimsə bilməz,
Çağır məni, al qoynuna, ata yurdum Dərələyəz.
Gör nə qədər dağlarında, daşlarında izim qaldı?!
Buz bulaqlı yaylağında, qışlağında izim qaldı.
Ürəyimdə deyilməmiş neçə-neçə sözüm qaldı…
Qınayırlar məni əbəs, vallah, buna ürək dözməz!
Çağır məni, al qoynuna, ata yurdum Dərələyəz.
Tale niyə ayrı saldı bizi ömrün bu çağında?
Həsrət qaldım , bir doyunca isinmədim ocağında.
Kaş, məzarım qazılaydı sənin doğma qucağında.
Baş qoyaydım torpağına, uyuyaydım sakit, dinməz,
Çağır məni, al qoynuna, ata yurdum Dərələyəz.
Cavanşir MƏMMƏDOV
Müəllif: Redaktor, 08:21
Teqlər: Ədəbiyyat