Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May

    İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.
                                                                                                                                                Heydər Əliyev
    Dünya ölkələri öz mədəniyyəti, milli-mənəvi dəyərləri ilə yanaşı, idman sahəsi ilə də tanınır. Dövlətimiz uğur əldə etmiş idmançıların dünyada tanınması, onların bu sahəyə marağının daha da artması üçün əlindən gələni əsirgəmir. Çünki əhalinin sağlamlığı vacib məsələdir. İdman sağlamlıq, həyat, gümrahlıq, bir sözlə, yaşamaq üçün vacib olan bir amildir. Ən azından sağlamlığımızın xətrinə idmanla məşğul olmalıyıq. Peşəkar həkimlər hər zaman bildirirlər ki, zərərli vərdişlər necə ki, insan ömrünü 10 il qısaldır, idmanla məşğul olmaq da əksinə ömrü 10 il artırır. İdmanın insan orqanizmi üçün bir çox xeyiri vardır: əhvalı yüksəldir, xroniki xəstəliklərin qarşısını alır, çəkinizi qoruyur, ürəyin və ağciyərin funksiyasını gücləndirir, yuxusuzluğu və təngnəfəsliyi aradan qaldırır.
    Son zamanlar Tərtərdə Olimpia İdman kompleksinin tikintisi rayonumuzda idmana göstərilən qayğının nümunəsidir.
    Rayonumuzda bu məsuliyyətli, şərəfli sahənin müəllimlərindən biri də Məmmədov Faiq Ələkbər oğludur. O, 1980-ci ildə Tərtər rayonunda dünyaya gəlib. Ailədə 3 bacı, 1 qardaş olublar. Şəhər 1 saylı tam orta məktəbi 1997-ci ildə bitirib. Politexnik Universitetinin iqtisadiyyat fakültəsinə 2001-ci ildə daxil olub. O, 2012-ci ildə İdman Akademiyasında təhsilini davam etdirib. Uşaq yaşlarından idmana böyük marağı olan Faiq Məmmədov 2004-cü ildə Azərbaycan Boks Federasiyasının lisenziyasına əsasən təyinatla Tərtər rayonuna boks müəllimi təyin olunub. 2010-cu ildən Uşaq Gənclər İdman məktəbində məşqçi müəllim kimi fəaliyyət göstərir. Uğurları bol olan Faiq müəllim 2009-cu ildə “İdman ustası” adına layiq görülüb.
    Tələbələrinin nailiyyətindən danışan zaman məlum oldu ki, onların arasında respublika səviyyəli çempionlarla yanaşı Avropa çempionları da vardır. Bu sahəyə maraq göstərən qızlardan danışarkən Aysunun adını çəkdi, onun rayonda çoxları tərəfindən tanıdıldığını dedi.
    2018-ci ildə Azərbaycan Boks Federasiyası tərəfindən “ən yaxşı məşqçi”, həmin ilin dekabrında ilk dəfə Gənclər və İdman Naziri tərəfindən “Əməkdar məşqçi” adına layiq görüldüyünü söylədi. İdmanın bütün sirlərini uşaqlara həvəslə başa salan müəllimin məqsədi Dünya Olimpia çempionları yetişdirmək və onların səsinin daim zirvələrdən gəlməsinə yardım etməkdir.
    Faiq Məmmədov ailəlidir, 1 oğul, 1 qız atasıdır. O dedi ki, oğlumun idmana xüsusi marağı var və artıq məşqlərə qatılır.

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 09:09

İsmarıclar bağlıdır.