Ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin möhkəmləndirilməsi və maddi-rifah halının yüksəldilməsi sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının bariz nümunəsi aztəminatlı ailələrə aylıq ünvanlı sosial yardımın verilməsidir. Ehtiyac meyarına uyğun olaraq bu zümrədən olan ailələrdə yaşayan hər bir şəxs üçün dövlət tərəfindən maddi yardım ayrılır. Bu, neçə illərdir ki, belədir. Lakin ünvanlı sosial yardım hesablanarkən vətəndaşməmur münasibətlərində bəzi neqativ hallara yol verilirdi. Belə halların qarşısının alınması məqsədi ilə təmənnalı vətəndaş-məmur münasibətlərinin aradan qaldırılması üçün son zamanlar ünvanlı sosial yardımın hesablanmasının yeni forması–elektron variantı bu sistemdə tətbiq olunur.
Ünvanlı sosial yardımın azaldılması məqsədi ilə dövlət səviyyəsində kiçik biznesin inkişafına dəstək göstərilir.
Pensiya və müavinəti sosial yardım formasında ödənişlərlə təmin olunan 2,1 milyona yaxın insanı və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafı üçün korrupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması islahatlar paketinin əsas hədəfini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son dövrlərdə imzaladığı sərəncamlara əsasən aztəminatlı ailələrin güzəranının, yaxşılaşdırılması məqsədi ilə pensiyaların orta aylıq məbləğinin 160 manata, minumum orta aylıq əmək haqqının 180 manata çatdırılması, tələbə təqaüdlərinin, şəhid ailələrinə verilən müavinətlərin və s. nəzərəçarpacaq dərəcədə artırılması ölkə əhalisinə göstərilən dövlət qayğısının bariz nümunələridir. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50,2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir.
Azərbaycanda sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərin davamlı artımına, bu sistemin əhatə dairəsinin genişləndirilməsinə nail olunmaqla dövlət başçısının tapşırıqları əsasında özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatlarının biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığının azaldılması və digər işlər geniş vüsət alıb.
Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü ildə 143337 nəfər, 2015-ci ildə 94794, 2016-cı ildə 105009, 2017-ci ildə 132368, 2018-ci ildə 80193 adam təşkil etmişdir. Məlumatdan göründüyü kimi 2018-ci ilin əvvəli ilə müqayisədə ÜSY alanların sayı kəskin şəkildə azaldılıb. Son illər hər il dövlət büdcəsindən ÜSY-nin maliyyələşməsinə 200 milyon manatdan az olmamaqla vəsait ayrılır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əhalinin Özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 07.04-2016-cı il tarixli sərəncamı aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına, onların özünəməşğulluğunun təmin olunmasına mühüm dəstəkdir. Ünvanlı sosial yardımın yeni formalarının tətbiqi, kiçik biznesin inkişafına dəstək göstərilməsi sahəsində Tərtər rayonunda da məqsədyönlü işlər görülür.
2018-ci il ərzində rayonda işaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək üçün “Özünəməşğulluq” layihəsi çərçivəsində 118 nəfər işaxtaran vətəndaş kurslara cəlb olunmuş, kursu bitirdikdən sonra 118 nəfər tərtib etdiyi biznes planı uğurla müdafiə edib, yüksək qiymət aldıqdan sonra biznes planda nəzərdə tutulmuş aktivlərlə təmin olunmuşlar.
“Özünəməşğulluq” proqramına cəlb olunmuş 118 nəfərin 108 nəfəri kənd təsərrüfatı üzrə, yəni, heyvandarlıq sahəsi üzrə, 10 nəfəri isə xidmət sahəsi üzrə (yəni, bərbər, fotostudiya, şirniyyat sexi, avtomobil çilingəri, plastik qapı, pəncərə hazırlanması üçün lazım olan avadanlıqlar) biznes planda müəyyən olunmuş aktivlərlə təmin edilmişdir.
Bunlardan 14 nəfərini ünvanlı sosial yardım alanlar təşkil edir.
Ünvanlı sosial yardımın yeni formaları–kiçik biznesin inkişafına dəstək sahəsində həyata keçirilən tədbirlər rayonumuzda da davamlı xarakter alıb. Bu sahə həmişə rayon rəhbərliyinin diqqət mərkəzindədir.
Nübar MEHDİZADƏ