ACILI-ŞİRİNLİ XATİRƏLƏR
Mən Tərtər–Bərdə–Ağdam–Əsgəran–Xankəndi–Şuşa–Turşsu–Laçın–Gorus–Sisian–Söylən (Əzizbəyov, indi Vayk) yoluyla o qədər gedib-gəlmişdim ki, hər döngəsinə, enişinə-yoxuşuna, hətta hər çalasına belə bələd idim. Bu tərəfdən isə Tərtər–Ağdərə–Kəlbəcər–İstisu–Səfonun İstisuyu (indiki Cermuk) və yenə Söylən yolları da mənim yaddaşıma köçmüşdü. Bizim Dərələyəz mahalına digər yollar da vardı–Tərtər–Goranboy–Gəncə–Qazax–Dilican–İcevan–Sevan–İrəvan… və… Söylən. Naxçıvandan isə Keşişkəndə, sonra bizim rayona yol vardı. Naxçıvan–Sisian yolu da işləyirdi. Bu yollar həmişə məni indi həsrət qaldığım bir yurda–Dərələyəz mahalına, aparırdı… Bu yerin hər cığırı, hər bulağı, hər meşəsi, hər gülü, hər çiçəyi gözlərimə köçmüşdü. (Gözlərim məndən vəfalı oldu–neçə illərdi özündə saxlayır o dağları, o dərələri, o biçənəkləri, o sıldırımları. Tez-tez özündə əks etdirir, elə bil dünən idi. Payızının, qışının, baharının, yayının rənglərinə qədər öz göz yaddaşında qoruyub saxlayır). Dünyanın nə qədər gözəlliyi var, cəm olmuşdu o cənnət diyarda. Hara tərpənirdin, saflıq, halallıq, ruzi-bərəkət çıxırdı qarşına. Hər şey Allahın yaratdığı kimiydi, yəni təbiiydi–göy-göyərtisi də, ağartısı da, balı da, cır alması, armudu da, havası da, suyu da, torpağı da, bir sözlə, bütün nemətləri təbiətin özü kimiydi. İnsanları da belə idi, haram tanımazdılar, qonşunun həyətinə daş atmazdılar, riyakarlıq nədir, bilməzdilər, sadə və səmimi idilər, yəni Allahın yaratdığı kimiydilər. Kirə, yalana, böhtana, mərdiməzarlığa bulaşmamışdılar, paxıllıqdan uzağıydılar.
“Qaqa Hüseyn” vardı. İnsanların və heyvanların sınmış, oxalanmış sümüklərini əlləri ilə elə bitişdirərdi ki, müasir dövrün heç bir avadanlığı, heç bir alimi onun kimi zərgər dəqiqliyi ilə bu sümükləri öz yerinə bərpa edə bilməzdi. 100-lərlə arı ailəsi, bir o qədər də mal-qara saxlayırdı. Xan kefində dolanırdı. Bütün rayonlardan, həmçinin İrəvandan gəlib, ondan bal alardılar, çünki onun balı təmiz idi və dağın gül-çiçəyindən çəkilmişdi, qatqarı olmazdı.
Abbas vardı–Babayev Abbas. Xeyli müddət sovxozda briqadir işlədi. Bir az köntöy adam idi. Sözü üzə deyərdi. Ürəyi çox təmiz və yumşaqdı. Qardaşı Surxay İrəvanda mehmanxananın pəncərəsindən yıxılıb, dünyasını dəyişəndən sonra Abbas da dəyişdi. (Sonra söz-söhbət gəzdi ki, ermənilər Surxayı qəsdən öldürüblər).
Abbas briqadir işləyən vaxtlar həmişə məni nəzərə alırdı. Yaşça məndən böyük olsa da, toy qardaşlığı idik. Səmimiyyəti onun kimi insanlardan öyrənirdik.
Həsən vardı–Hacıbabanın oğlu, Məmmədov. Xəzinədar işləyirdi. Yaşca məndən böyük idi.
O vaxt bizim Terp (Saravan) kəndində qiyabi onbirillik məktəb də fəaliyyət göstərirdi. Mən həm də orda dərs deyirdim. Yaşlı adamlar da burda təhsil alardılar. Yekun imtahanları zamanı rəhmətlik Həsən dərslərə yaxşı hazırlaşmadığından müəllimlər otağına yanıma gəldi, onu nəzərə almağımı xahiş etdi. Zarafatla dedim:
–Bu dəqiqə bir konyak çıxart qoy bu stolun üstünə, nəzərə alım.
Elə bil əvvəlcədən bilirmiş ki, mən nə deyəcəyəm. Arxadan toqqasına sancdığı bir konyak çıxarıb qoydu stolun üstünə. Daha deməyə sözüm qalmadı.
Sonralar maşın qəzasında Arpa çayına düşüb boğuldu.
Telman vardı–Vəliyev, Müzəffərin oğlu. Yeyib-içən, şən, zarafatcıl bir oğlan idi. Qardaşım Əli ilə yeznə-qayınıydılar. Amma bəzən sözləri düz gəlmirdi.
Onu deyim ki, bizim kəndin içində və yaxın ətrafında buz kimi soyuq, büllur kimi saf, göz yaşı kimi duru bulaqlar axıb gedərdi. Yaz, yay və payız aylarında bu bulaqların üstü insanların istirahət məkanına çevrilərdi. Biz cavanlar da fürsəti fotə vermirdik.
Bir bazar günü mən, Abbas Babayev, “Ciqo Məhəmməd”, Telman Vəliyev, qardaşım Əli,
İsgəndər Məmmədov, Mehman Abışov, Səməd Talıbov, Bəxşəli Bəxşəliyev, Vaqif Bəhmənovun idarə etdiyi sürücülük məktəbinin təlim yük maşını ilə kənddən azca aralı olan “Payız yurdu”nun bulağına istirahətə getməyi fikirləşdik. Mən qoşalülə ov tüfəngini də çiynimə saldım. Gəlib maşına minəndə elə bil kimsə mənə qeybindən mane oldu, qoymadı maşına minəm. Və bir sehirli səs pıçıldadı: “Getmə, bu gün orda nəsə bir hadisə baş verəcək”. Maşından yerə endim. Məni yebəyerdən məzəmmət elədilər:
–Nə oldu? Min də! Gün keçir, axı!
Dedim:
–Bu gün orda nəsə olacaq, mən getmirəm, siz də getməyin.
Hərə bir tərəfdən mənə lağ elədi:
–Kişi münəccim olub…
Nə isə… Onlar məndən narazı halda maşına minib getdilər.
Axşamtərəfi hay düşdü ki, Vaqifin maşını yolda qəzaya düşüb…
Əliylə Telman həmin qəzadan dünyalarını dəyişdilər. Telmanın 4 qızı, Əlinin bir oğlu, bir qızı qaldı.
Orda bir toy hamının toyu idi, bir yas da hamının yasıydı. Bir sovetlik üç kəndi özündə birləşdirirdi–Terp, Leyliqaçan, Köçbək. Sonradan Çaykəndlilər də bu sovetlikdə cəmləndilər və hamı bir-birinə ən yaxın qohum kimiydi. Sevinci paylaşırdılar, artırdı, kədəri, dərdi bölüşürdülər, azalırdı.
Köçbəkdən Hətəm kişi vardı. Çox yüksək səslə danışardı. Deyəndə ki, Hətəm kişi, bir az yavaş danış, deyirdi:
–A bala, mənim tonum budu.
Kasayla bir ərinmiş yağ içirdi, çörəksiz-çaysız xeyli şan bal yeyirdi. Qoyun quyruğunun tikələrini çiy-çiy udurdu, qara ciyəri də qanlı-qanlı ləzzətlə həzm-rabedən keçirirdi. 80 yaşı vardı, hələm-hələm cavan oğlan onun kimi yeyib-içə bilməzdi, içəndən sonra çox vaxt da əlinin dalı ilə ağzını silərdi…
Terpdə Əsgər kişi varıydı-Bayramov Əsgər. Zəhər kimi dibçək istiotunu (bibəri) konfet kimi marçıltıyla çeynəyib yeyirdi, gözünü də qırpmırdı. Halbuki o istiota dəyən əlini adam harasına vursaydı, acılıqdan neçə saat göynəyərdi. Soruşanda ki, Əsgər dayı, acılıq hiss etmirsən? Deyirdi: “Bu, acıdır ki?”.
Ot biçini vaxtları bütün kənd camaatı bu işə qoşulardı. Dərələrdə, təpələrdə çox yer kərənti ilə biçilərdi. Kişilər kərənti (dəryaz) çəkər, qadınlar biçilmiş otu qotmanlayardılar (kiçik tayalar). Hamı yeməyi özü ilə çölə götürər, səhər və günorta bir yastanada süfrələr açılardı.
Bir gün Rəhim Talıbovun oğlu Əbdüləzimin süfrəsi “kasıb” oldu. Əsəbiləşdi. Arvadı Müxəstənin ünvanına söyüb-söylənməyə başladı:
–Yaxşı, köpək qızı, evə qayıdanda gör sənin başına nə oyun açacağam?!
Atası Rəhim kişi astadan dedi:
–Əbdüləzim, bala,bura dağın başıdır. Müxəstə də yoxdur, nə qədər kişilənirsən, kişilən, amma evə qayıdanda dinmə, ha! Yoxsa, bilirsən də Müxəstə səni…
Hamı uğunub getdi.
O yerlər, o insanlar yuxularımdan çıxmır. Gah “Dirədöymə”, gah “Çilingağac”, gah “Ənzəli”, gah “Bənövşə” oynadığımız çağlar yadıma düşür. Qarçiçəyi, xıncılavız, qırxbuğum, əvəlik, ələyəz, piltan, şoşan, cacux, gicitkən, qanqal, baldırğan, mərövcə, çaşır, quzuqulağı, quşəppəyi, yemlik, göbələk və onlarca belə digər dərman bitkiləri toplayardıq, bəzilərini bişirib, bəzilərini isə elə çöldə duzlayıb, ləzzətlə yeyərdik. Bütün dərələr, təpələr, meşələr cır meyvə ağacları ilə dolu idi–alma, armud, alça, zirinc, mərmərək, həmərsin (itburnu), haluş, giviş (qaragilə), qoz (cəviz), böyürtkən… hər yerə səpələnmişdi. Yaz gəldimi, köynəyimizin döş cibi duzla dolu olardı, çünki bu dağ məcunlarının çoxunu duzlayıb yeyərdik. Susayanda isə dizimizi buz bulaqların kənarlarına söykəyib, dodaqlarımızla bir başa gözündən içərdik. Ona görə hamı sağlam idi, uzunömürlü idi. Xəstəliklərin çoxunun adını belə bilməzdik. Deməyəsən, özümüz də bilmədən səhərdən-axşama qədər dərman bitkilərilə özümüzü müalicə edirmişik…
Növbə ilə kəndin qoyun-quzusunu otarırdıq. Mal-qaranı naxırçısız-zadsız otlaqlara buraxırdıq, yeyib doyandan sonra axşam özləri öz qapılarına qayıdırdılar.
Hər evin ən azı bir atı vardı. Leyliqaçanlı Surxay Əlimərdanovun atından olmazdı, toylarda nəməri o alardı. Nağaranın ritmi ilə elə oynayardı ki, adam məəttəl qalardı. Uşaqdan-böyüyə hamı yaxşı at çapırdı.
(Bir dəfə atdan yıxıldım, 3 ay belimin ağrısı mənə əziyyət verdi).
O kəndin toyları başqa bir aləm idi! Qara zurnasız toyu təsəvvür etmirdik. Lələş, qardaşı Yusif və Mehbalı kişi kənd toylarının daimi çalğıçıları idilər.
Dağ pencərlərindən qara sacda kətə bişirilərdi. İçinə vurulmuş sarı yağ barmaqlarımızın arasından süzülə-süzülə qırxbuğum kətəsindən doymazdıq.
Hər kəsin həyətində bir təndirxanası da vardı. Bu təndirlərdə lavaş, fətir və kömbə çörəklər bişirilərdi. Lavaş yapılanda qonşu arvadları biri-birilərinə kömək edərdilər. Çünki bəzən bir ailə üçün bir aylıq lavaş bişirilərdi.
Kabab üçün təndir ayrı idi.
Payızdan qışın azuqəsi üçün qovurma, yağ, pendir, bal hazırlığı görülərdi. (Bu gün də qovurmanın dadı damağımda qalıb). İri cöngələr kəsilər, qovrular, iri şirəli qablara ya da küpələrə yığılardı. Qış boyu ondan ən dadlı xörəklər bişirilərdi.
Qışda bir metrdən yuxarı qar yağardı. Maşın yolları bağlanardı. Magistral yollarda belə hərəkət dayanardı. Çoxları kömür sobaları ilə evləri qızdırardılar.
Yazı, yayı, payızı isə hər yerdən bərəkət yağardı…
…İndi burnumun ucu göynəyir o yerlər, o insanlar, o nemətlər üçün. Daha hara əl çatır ki?!…
Heyiflər olsun o halallığa, o saflığa, o yerlərə, o insanlara, o nemətlərə, o daşa, o torpağa, o bulaqlara, o çaylara! Heyiflər olsun o dağlara, o dərələrə, o gül-çiçəyə, o meşələrə, o çəmənlərə, o cığırlara! Heyiflər olsun o yurda!!!
Tofiq YUSİF