Rayonumuzda inkişaf edib, fermerlər üçün gəlir gətirən sahələrdən biri də günəbaxandır. Son 2-3 il ərzində yerlərdə günəbaxan əkini sahələri xeyli genişləndirilib. Əgər rayonun təsərrüfatlarında 2012-ci ildə 654 hektar, 2013-cü ildə 765, 2014-cü ildə 910 hektar sahədə dən üçün günəbaxan becərmişdilərsə, cari “Kənd təsərrüfatı ili”ndə bu sahələr 928 hektara çatdırılıb.
Rayon statistika idarəsinin sentiyabırın 1-nə olan məlumatına əsasən məhsul toplanışı başa çatıb. Biçilən sahələrdən 2162 ton günəbaxan yıgılıb. Hər hektarın orta məhsuldarlığı 23,3 sentnerdir. Ötən illə müqayisədə 59,9 ton çox məhsul tədarük edilib. Bu sahədə Xoruzlu, Kəbirli, Kəngərli kəndlərinin ailə-fermer təsərrüfatları bol məhsul götürmələri ilə fərqləniblər.
Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov bildirdi ki, son illər yerlərdə günəbaxan əkini sahələrinin genişləndiril-məsinin başlıca səbəbi onun bazarının olmasıdır. Belə ki, bizim Xoruzlu kəndində günəbaxanın emalı ilə 3 şirkət məşğul olur. Onlar “Patron”,”Rekord” və “Oskar” şirkətləridir. Kəndli və ailə fermer təsərrüfatlarının üzvləri becərib hasilə gətirdikləri məhsulu toplayıb həmin şirkətlərə təhvil verir, dərhal da pullarını alırlar. Buna görə də fermerlərin günəbaxan əkininə marağı getdikcə artır. Bu il təkcə bizim kənddə 320 hektar sahədə günəbaxan becərilib. Rayonda günəbaxanın məhsuldarlığı ilbəil artır.
Əvəz NƏSİROV