Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Apr

    Keçən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda gedən siyasi təlatümlər, millətlərarası münaqişələr, xüsusilə erməni daşnaqlarının azərbaycanlılara qarşı törətdikləri təcavüz, terror hadisələri, iqtisadi vəziyyət və dağ rayonlarındakı ciddi çətinliklər bir sıra ailələrin öz yurd yerlərindən köçürülməsinə səbəb olub.Belə ailələrdən biri, zəmanəsinin tanınmış, ziyalı və hörmətli şəxsiyyətlərindən olan Kərim Yüzbaşının ailəsi olub. Həmin ailə Sisyanın bayandurlar tayfasından olub və onlar Tərtər rayonunun Bərşad kəndində məskunlaşıblar.Bütün çətinliklərə baxmayaraq Kərim yüzbaşı Əliyev mütərəqqi fikirləri və uzaqgörənliyi nəticəsində övladlarının təhsil almalarına ciddi fikir vermiş, onlara hər cür şərait yaratmışdır.Kərim yüzbaşının böyük oğlu Hüseyn Əliyev 1897-ci ildə anadan olmuş, 1922-ci ildə Leninqrad, indiki SankPeterburqda Tibb Akademiyasını bitirdikdən sonra ömrünün sonunadək (1972) Azərbaycanda həkim kimi fəaliyyət göstərib. O, tibb elmləri doktoru (1939) professor, görkəmli cərrah, Azərbaycan SSR əməkdar həkimi və əməkdar elm xadimi adını şərəflə daşıyıb.
    Ömrünün sonunadək Nəriman Nərimanov adına Azərbaycan Dövlət tibb İnstitutunun II hospital cərrahlıq kafedrasının müdiri və Azərbaycan tibb jurnalının baş redaktoru olub. “Qırmızı Əmək Bayrağı” ordeni, “Qırmızı Ulduz” ordeni və müxtəlif medallarla təltif olunaraq səmərəli fəaliyyət göstərib.
    Hüseyn Əliyev öz həmyaşıdı mərhum Əziz Əliyevlə (1897) həkimliyə məhz Sank-Peterburqda təhsilini bitirdikdən sonra birgə başlayıblar. Eyni zamanda hər iki alim uzun müddət birgə çalışıb.

    Kərim Yüzbaşının digər oğlu Həsən Əliyev ali təhsilli həkim-cərrah olmuş, ötən əsrin 40-50-ci illərindən Ağdam rayonunun baş cərrahı və səhiyyə şöbəsinin rəhbəri olub.
    Kərim Yüzbaşının digər övladı Sürəyya ali təhsil alaraq, 60-cı illərdə Gədəbəydə ömrünün sonunadək rayon əhalinin sosial müdafiə şöbəsinə rəhbərlik edib. El ağsaqqalının digər oğlu Abbas Əliyev biologiya elmləri namizədi, 1967-ci ilədək Azərbaycan Dövlət `Pedoqoji İnstitutun biologiya kafedrasının dosenti kimi fəaliyyət göstərib.
    Tamara Əliyeva isə Kərim Yüzbaşının nəvəsi Abbas Əliyevin qızıdır. Tamara Əliyeva 1928-ci ildə Tərtər rayonunun Bərşad-(Bərgüşad) kəndində dünyaya göz açıb.
    Qeyd etmək lazımdır ki, Tibb Elmləri Doktoru (1964) Tamara Əliyeva Trokal cərrahlıq sahəsində ilk azərbaycanlı qadın alimdir. Ömrünün sonunadək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun operativ cərrahlıq kafedrasının professoru olub. Tamara Əliyeva alimlik dərəcəsini və doktorluq monoqrafiyasını Moskva şəhəri Timiryazev rayonu Roqov adına klinikada işlərkən akademik Braytsevin rəhbərliyi altında yazaraq tibb elmləri doktoru fəxri adına layiq görülüb. Görkəmli alim 60-cı illərin əvvəllərində Azərbaycanın keçmiş MK-nin I katibi Vəli Axundovun təkidi ilə doğma ölkəsində fəaliyyətini davam etdirib. Onu da qeyd edək ki, Qarabağda mənfur ermənilər tərəfindən qətlə yetirilmiş Salatın Əsgərova (Salatın Əziz qızı Xələfova) Tamara Əliyevanın övladı idi.
    Bu ailənin yaxın qohumu kimi qeyd etmək istəyirəm ki, mərhum Salatının ölümünün 40-cı günü mərhum Ümummilli Liderimiz Heydər Əliyev yas mərasiminə gələrək Tamara xanıma Salatının ölümü münasibəti ilə başsağlığı verib. Hətta Ümummilli Liderimiz Heydər Əliyev Tamara xanıma başsağlığı zamanı bildirib ki, mən sonralardan bildim ki, siz Hüseyn Əliyevin qardaşı qızısınız. Axı Hüseyin Əliyev mənim qaynatam Əziz Əliyevlə çox yaxın olub, birlikdə fəaliyyət göstəriblər.
    Kərim Yüzbaşının nəvələrindən biri Zivər Həsən qızı Əliyeva ömrünün sonunadək Azərbaycan Musiqi Konservatoriyasının fortepiano üzrə professoru olub, digər nəvəsi Cavanşir Əliyev isə uzun illər Azərbaycan Politexnik İnstitutunda müəllim işləyib. Bu qısa yazıda bir nəslin tarixindən söz açdıq. Şərəfli yaşanmış ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir.

    Talış ƏLİYEV,
    Əliyevlər nəslinin nümayəndəsi,
    təhsil veteranı
    Bərdə rayonu

    Müəllif: Redaktor, 09:40

İsmarıclar bağlıdır.