Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Apr

    VƏTƏNƏ BAĞLI OĞULLARIMIZ

    Azərbaycan ordusunda xidmət edən əsgərlərimizin daim bir amalı olub–işğal altında olan torpaqlarımızı geri qaytarmaq. Bir çox təzyiqlərlə üzləşən vətənimiz heç zaman öz vüqarını, əzəmətini itirməyib. Torpağımız uğrunda neçə-neçə oğullarımız döyüş vəzifəsini yerinə yetirərkən yaralanıb, şəhid olub. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin dili ilə desək “Vətən borclu deyil, biz borcluyuq Vətənə”. Əgər kiminsə ailəsində torpağımız uğrunda həlak olan və ya yaralanan varsa o ailə bununla qürur duymalıdır. Ölkə Prezidenti İlham Əliyev şəhid, əlil, veteran ailələrinə xüsusi diqqət ayırır, onları həmişə dövlət qayğısı ilə əhatə edir.
    Bu yazımda ordu sıralarında peşəkar xidmət göstərən, vətənin keşiyində layiqincə duran rayonumuzun iki veteranından söz açacağam. Bəlkə də çoxlarınızın tanıdığı İlqar Məcid oğlu Hüseynov 1967-ci il fevralın 21-də Tərtər şəhərində anadan olub. İlk təhsilini 5 nömrəli elm ocağında, davamını isə 96 nömrəli texniki peşə məktəbində alıb. Əvvəllər beton zavodunda qaynaqçı işləyib.
    1985-1987-ci illərdə o, Aztarxanda hərbi xidmət göstərib. Torpaqlarımızın müdafiəsi üçün yenidən əsgər formasını geyinib döyüşən zaman 1992-ci il avqustun 26-da bir neçə dəfə qəlpə yarası alıb. 1992-ci ilin dekabrında Batalyonun yaranmasının 2-ci ildönümü münasibətilə şəxsi nümunə və döyüş hazırlığına görə I Bölük taqım komandirinin müavini çavuş Hüseynov İlqar Məcid oğlu “Şah İsmayıl Xətai” adına fəxri fərmanına vətənin azadlığı uğrunda göstərdiyi xidmətə görə layiq görülüb. Bacarıqlı döyüşçü cəbhə xəttində–Qapanlıda 1994-cü il mayın 11-də sinəsindən mərmi yarası alıb. Ordu sıralarına həvəslə gələn İlqar 1 yanvar 1994-cü ildə Heydər Əliyevin imzası ilə “Hərbi xidmətlərə görə” medalı ilə mükafatlandırılıb. İlqar Hüseynovun yeganə övladı olan Günel ailəlidir. Yoldaşı Hüseynova Arzu Mirhüseyn qızı Mərkəzi xəstəxanada tibb bacısıdır. İlqar Hüseynov müharibə olarsa canla-başla yenə də vətənin keşiyində dayanmağa hazır olduğunu bildirdi.
    Dövlətimizə sədaqətlə xidmət edən digər veteran Rəhimov Taleh Ərşad oğlu 1976-cı ildə Tərtər şəhərində anadan olub. 6 nömrəli tam orta məktəbi bitirdikdən sonra Tərtər Batalyonunda ordu sıralarına daxil olur. 15 yaşından könüllü olaraq döyüşlərdə iştirak etdiyindən danışan veteran 18 yaşından hərbi xidmət üçün Bakıya çağrılsa da öz arzusu ilə qızğın döyüşlər gedən Tərtər rayonunun Qapanlı kəndinə qayıdıb. O, 1992-1994-cü illərdə Ağdərə döyüşlərində, 1996-cı ildə Füzulidə yaralandığını bildirdi. 2016-cı ildə Aprel döyüşlərində könüllü müraciət edərək vətənimizin müdafiəsi üçün yenidən döyüşə getməyə hazır olduğunu bildirib. 2019-cu ildə “Vətənə xidmət” medalı ilə təltif edilib. O, veteranların təqaüdlərinin artırıldığı üçün ölkə prezidentinə dərin minnətdarlığını bildirdi. Taleh ailəlidir, 4 övladı var.
    Sonda Taleh Rəhimov gənclərə hər zaman vətən uğrunda döyüşə getməyə borclu olduqlarını unutmamağı tövsiyyə etdi.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 09:35

İsmarıclar bağlıdır.