SİNƏSİ SÖZLÜ-SÖHBƏTLİ ANA
Məlumdur ki, 90 yaşdan yuxarı insanlarımız evimizin, elimizin ağsaqqalı, ağbirçəyi hesab olunur. Onların yaşaması ocağımızın hərarətini artırır, bin-bərəkətimizə səbəb olur. Qayğılarla dolu bu qarışıq dünyamızda çox az ailələr tapılar ki, orada bu yaşda ağsaqqal, ağbirçəklərimizə təsadüf edilsin. Belə insanlarımızın ağıllı, ibrətamiz məsləhətlərinə, milli dəyərlərimizdən, adətlərimizdən, söz-sənət dünyamızdan söylədikləri incilərə həmişə, hər yerdə ehtiyacımız var. Nə yaxşı ki, az da olsalar var, onlar.
Bu gün onlardan biri, bir evin, bir ocağın istisini, hərarətini artıran 109 yaşlı ağbirçək ana–nənə Həlimə Qarayevadan danışaraq, onun keçdiyi keşməkeşli ömür yoluna nəzər yetirəcəyik, sinə dolusu söz boğçasına səyahət edəcəyik.
1-2 il öncə rayonumuzun uzun ömürlülərindən yazmaq fikrində idim. Lazımi mənbədən belə insanlarımızın siyahısını götürdüm. Bir-bir maraqlanıb onlar haqqında yazmağa başladım. Həlimə Qarayeva haqqında qonşularından soruşdum. Dedilər ki, bir az nasazlığı var, qızının evindədir. Bu, beləcə də qaldı. Bu günlərdə redaktor məni otağına çağırtdırdı. Getdim. Orada orta yaşlı bir qadın üzü redaktora tərəf əyləşmişdi. İçəri girib salam verdim. Qadın səsimi eşidib çevrildi. Həlimə ananın çoxdan tanıdığım qızı idi. Tofiq müəllim bu xanımın ağbirçək anası var, ondan bir yaxşı yazı hazırlamaq lazımdır,–dedi. Qadınla görüşüb, hal-əhval tutduq. Mənim də belə bir fikrim olmasını xatırlatdım! Gec də olsa rayonumuzun ağbirçəyi Həlimə Qarayeva haqqında yazmaq mənə qismət olmuşdu.
Həlimə Qarayeva əslən Laçın rayonundandır. 1910-cu ildə Qaraçanlı kəndində doğulub. Uşaqlığı və gəncliyi dağlar qoynunda keçib. Dağ havası, bulaqların suyu ilə, kəklikotu, quzuqulağı, qantəpərlə yoğrulub xəmiri. Bəlkə də, uzunömürlü olmasının birinci səbəbi də elə budur. O dövrün adəti ilə həddi buluq yaşında doğmaca bibisi oğlu Qarayev Talıb Əmiraslan oğlu ilə ailə həyatı qurub. Bu evlilikdən 8 övladları doğulub. 2 nəfəri kiçik yaşlarında dünyasını dəyişsə də 6-nı 3 qız, 3 oğlanı böyüdüblər. Maddi durumlarını yaxşılaşdırmaq məqsədi ilə 1950-ci illərin sonlarında Tərtər rayonuna üz tutublar və burada yaşamağa başlayıblar. Həlimə Qarayevanın həyat yoldaşı Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdu. O, müharibədən əlil qayıtmışdı. 1964-cü ilə kimi övladlarının birlikdə qayğısını çəkiblər. Xöşbəxt yaşamaq istədikləri bir zamanda həyat yoldaşı Talıb qəfləti dünyasını dəyişdi. Ailənin bütün ağırlığı Həlimə ananın üzərinə düşdü. Övladlarının ehtiyacsız böyümələri üçün gündüzləri dövlət idarələrində–elektromexanika zavodunda, kommunal təsərrüfatı idarəsində fəhlə işlədi, gecələri həyətində torpaqla çalışdı. Beləcə məhrumiyyətlərlə 6 övladını ərsəyə çatdırdı, ev-eşik sahibi etdi. Övladlarının ruzusunu halal zəhmətlə qazandı, düzlüyə öyrətdi balalarını. Bu əməksevər qadın qarşısındakı olacaqlardan xəbərsiz idi.
Həlimə ana ta uşaqlığından bu günə kimi heç yerdə təhsil almayıb. Lakin sinəsi sözlə doludur. Xalq dastanlarımızı, laylalarımızı, ağılarımızı əzbərdən bilir. Yaşının bu müdrik çağında ürəyindəki nisgili şeirlə, sözlə söyləyir. Qəhrəmanlıq cəngisi olan “Koroğlu” dastanını əzbər danışır. Mirzə Ələkbər Sabirin “Tək səbr” şeirini əzbərdən söyləyir. Onun söylədiyi bayatıları, ağıları eşitdikdən sonra Həlimə ananın yaddaşına heyrət etdim. O üç oğul itirib. Bütün günü dərdlərini ağılarla, oxşamalarla ovundurur.
“Uca dağların başından
Nə xoş gəlir sədan sənin
Durum dolanım başına
Nə xoş gəlir sədan sənin”
–Həlimə ananın söylədiyi şeirlərdən biridir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı torpaqlarımızın itirilməsi Həlimə ananın ürək ağrısına çevrilib. Hətta Laçın rayonu erməni mənfurları tərəfindən alınanda, Şuşa əsir götürüləndə Həlimə ana ağlayaraq “kaş oğlanlarım öləydi, amma Laçın və Şuşa alınmayaydı”–demişdir.
Həlimə ananın oğlanları öldü, amma Laçın və Şuşa geri qaytarılmadı.
Hamı kimi Həlimə ana da torpaqlarımızın azad olunmasını həsrətlə gözləyir. Bu gün dərdli, həsrətli ana qızları Gülbəniz, Raya, Güləzbərin, 6 nəvəsinin, 9 nəticəsinin sevgisi ilə yaşayır. Ailənin ən əziz adamıdır, Həlimə ana. Ümid edək ki, torpaqlarımızın azad olunduğu günü Həlimə ana görəcək və o zaman yaşının üstünə yaş gələcək.
Elfuzə VƏLİYEVA