Aprel zəfərinin üçüncü ildönümü respublikamızda böyük coşqu ilə qeyd edilir.
Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirdə “N” nömrəli hərbi hissənin şəxsi heyəti, Tərtər rayon ictimaiyyəti, millət
vəkilləri, qazilər, şəhid ailələri, incəsənət nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, ümummilli liderimiz və Vətənimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbir açıq elan edilərək bildirilib ki, 2016-cı ilin aprel döyüşləri xalqımıza qələbə sevinci yaşatmaqla bərabər Böyük Qələbənin də başlanğıcı oldu. Düşmən təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu və Ordumuz minlərlə hektar ərazini işğalçılardan azad etdi.
General-mayor Hikmət Həsənov bildirdi ki, 2016-cı ilin martın ortalarından etibarən Ermənistanın silahlı qüvvələri təxribatlarını artıraraq cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutuldu. Qarşı tərəfin hərbi fəallığını genişləndirməsinə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə komandanlıq əməliyyat şəraitini qiymətləndirərək, dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verdi. Qısa müddətdə 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd etdi ki, 48 km düşmənlə təmas xəttində yaşayan qəhrəman tərtərlilər aprel döyüşlərinin təəssüratlarını bu gün də yaşayırlar. O, bildirdi ki, döyüşlər düşmənlərimizlə yanaşı, bütün dünyaya sübut etdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət başçımız, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir.
Müdafiə Nazirliyinin əməkdaşı, dövlət qulluqçusu Zümrüd Səmədova oğlunun aprel döyüşlərinin iştirakçısı olması ilə qürur duyduğunu bildirməklə yanaşı, övladının və əsgər dostlarının bu gün də Ali Baş Komandanın döyüş əmrinə hazır olduğunu diqqətə çatdırıb.
Aprel şəhidlərindən kapitan İnqilab Quliyevin atası Çingiz Quliyev və gizir Nicat İsgəndərovun anası Maya İsgəndərova oğullarının Vətən, torpaq uğrunda şəhid olmaları ilə qürurlandıqlarını qeyd edərək, Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Tədbirin bədii hissəsində incəsənət nümayəndələri hərbi qulluqçulara və qonaqlara vətənpərvər ruhlu musiqilərlə xoş hisslər yaşadıblar.
Sonda incəsənət nümayəndələrinə Fəxri fərmanlar təqdim olunub.