TƏNQİDƏ GÜLÜNC MÜNASİBƏT
“Bala Kirpi” baş redaktorun otağının qapısını qeyzlə açıb, içəri girdi. Salamsız-kəlamsız başladı:
–A kişi, bir o qədər əziyyət çəkib, rayonun mədəniyyət müəssisələrini gəzmişdim, vəziyyəti fotoaparatımın yaddaşına köçürmüşdüm, bunların hamısını da, qeydlərimi də sizə təqdim etmişdim. Nə oldu axırı?!
–Gəl əyləş, sakitləş, özünə gəl–baş redaktor səbr göstərdi.
“Bala Kirpi” əyləşdi.
Baş redaktor aramla sözə başladı:
–Biz sənin qeydlərindən və fotoşəkillərindən istifadə edərək, “Yeni Tərtər” qəzetinin 20 fevral 2019-cu il tarixli nömrəsində “Mədəniyyətin mədəniyyətsiz vəziyyəti” adlı bir felyeton dərc elətdirdik və onu tədbir görülməsi üçün Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayevə, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevə və həmin idarənin Tərtər rayon Nümayəndəliyinin baş məsləhətçisi Ceyhun İsmayılzadəyə göndərdik.
–Sonra nə oldu? –“Bala Kirpi” soruşdu.
–Heç nə. İki aya yaxın vaxt keçir, lakin heç birindən heç bir cavab almamışıq.
–Niyə?
–Bunun 3 səbəbi ola bilər. Birincisi, ya onların kütləvi informasiya vasitələri haqqında qanunlardan xəbərləri yoxdur, ikincisi, ya mətbuatı veclərinə almırlar, üçüncüsü, ya da cavab verməyə üzləri və sözləri yoxdur.
–Hər 3 halda o boyda tənqidi yazının bir nəticəsi olmalıdır, axı! –“Bala Kirpi” yenə hirslənməyə başladı.
–Nəticəsi var–deyə, baş redaktor istehza ilə dilləndi.
–Necə?
–Tənqiddən ibrət götürmək, işlərində dönüş yaratmaq əvəzinə Mərkəzi Kitabxana Sisteminin direktoru Ulduzə Qurbanova redaksiyaya zəng edib, öz səviyyəsinə uyğun kəlmələr işlətdikdən sonra hədələyib ki, sizi beynəlxalq məhkəməyə (?) verəcəyəm. Sonra da deyib ki, ətəyimə daş yığıb, gedib redaktorun otağının pəncərələrini daşlayacağam.
“Bala Kirpi”ni bir gic gülmək tutdu:
–Əşi, o yaşda qadın, o vəzifənin sahibi belə sözlər deməz.
–Gör də! Gedib bərbad vəziyyətə saldığı kitabxana sistemində düzən yaratmaq əvəzinə, bizə necə də gülünc hədə-qorxu gəlir. Ulduzə Qurbanovanın o vəzifədə hansı işlərlə məşğul olduğunu da həm özü, həm də başqaları yaxşı bilir. Qəzeti haqlı tənqidə görə şantaj etmək olmaz, axı! Qəzet də Tərtərin kitabxanaçısı deyil ki, başına yüz oyun açasan!
Baş redaktor qəfil “Bala Kirpi”dən soruşdu:
–“Beynəlxalq məhkəmə” adlı bir təşkilat eşitmisən?
–Yox, eşitməmişəm. Deyəsən, elə bir qurum yoxdur.
–Get Ulduzə xanıma de ki, elə bir məhkəmə yoxdursa, qoy Avropa Məhkəməsinə müraciət eləsin.
“Yeni Tərtər”