2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş həmyerlimiz Nicat İsgəndərov şəhidlik zirvəsinə ucalmışdır. Bu münasibətlə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, keçmiş döyüşçülər, təhsil aldığı məktəbin kollektivi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
Məktəblilər tərəfindən dövlət himni səslənib, vətənə, dövlətə, şəhidlərimizə həsr olunmuş şeirlər söylənib.
Sonra nümayəndələr şəhidin evində olub, ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında şəhidlə bağlı xatirələrini bölüşüblər.
Nicat Bəhruz oğlu İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısının alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Tərtər rayon İcra Hakimiyyəti tərəfindən şəhərin böyük küçələrindən birinə şəhidin adı verilib, baralyefi quraşdırılıb, mənalı həyat və qəhramanlıqla dolu döyüş yolundan bəhs edən sənədli film çəkilib.
Şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov və anası Maya İsgəndərova Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
“Yeni Tərtər”