KƏLBƏCƏRƏ SARI BAXAN HƏSRƏT DOLU GÖZLƏR
Kəlbəcər rayonunun işğalından 26 il ötür. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı. İndi respublikanın bütün rayonlarında köçkün həyatı yaşayan kəlbəcərlilər tezliklə doğma yurda qayıtmaq, mənfur düşmənin darmadağın etdiyi bu cənnət diyarı yenidən öz əvvəlki görkəminə qaytarmaq arzusu ilə yaşayırlar.
Arəstə Mürsəlova da Kəlbəcər həsrəti çəkənlərdəndir. O, Yanşaq kəndindəndir. 1938-ci ildə dağlar qoynunda dünyaya gəlib. Buz bulaqların suyu, təmiz dağ havası ilə böyüyüb, orada yaşayıb xoş günlərini. Ev-eşik, oğul-qız yiyəsi, etibarlı həyat yoldaşı olub Arəstə nənə. Mənfur qonşularımızın xəyanəti nəticəsində qaçqın ömrü yaşamağa məhkum olunub indi.
Arəstə nənə Kəlbəcərin əsir olunmasından söz salanda gözlərindən yaşı sel kimi axıdır. Ürəyi qübar edərək söyləyir. Mən təkcə Kəlbəcəri yox, ömür-gün yoldaşımı da orada qoyub gəlmişəm.
Arəstə nənənin həyat yoldaşı Əli Kəlbəcərin müdafiəsi zamanı, 1993-cü ilin mart ayında şəhid olub. Heç onun 40 mərasimi çıxmamış, doğmalarının göz yaşı qurumamış mənfurlar bu cənnətməkan yurdu xarabazara çevirdilər, əhali-sinə zülm verdilər, yurd-yuvalarından didərgin saldılar. Bu gün yüzlərlə kəlbəcərlilər kimi Arəstə nənə də dövlətin qayğısından kənarda deyil. Hər cür şəraiti olan evlərlə təmin olunublar. Lakin illərlə öz zəhmətləri, alın təri ilə tikdikləri evin yerini vermir. Doğma yurdun həsrəti ilə yaşayırlar. Arəstə nənənin görüşünə gedərkən bir daha onun şahidi oldum. Qızı və nəvəsi dedilər ki, bütün gün bu pəncərə qarşısında dayanıb dağlara tamaşa edir. Sanki, ürəyindəki dərdini Murov dağına söyləyir, həsrətinin əlacını baş-başa vermiş qayalardan istəyir. Lakin cavab ala bilmir ki, bilmir. Yenidən ümidsiz vəziyyətdə xəstə yatdığı yorğan-döşəyinə pənah gətirir.
Təkcə Arəstə Mürsəlova deyil dərdlərlə qol-boyun olub, bir ovuc torpağa, bir içim bulaq suyuna, bir udum dağ havasına həsrət qalan, yüzlərlə kəlbəcərli bu həsrəti yaşayır. Doğrudur, hər bir Azərbaycan vətəndaşı inanır ki, güclü ordusu olan xalqın torpağı əsir qalmaz. Tezliklə torpaqlarımız mənfur düşmənin tapdağından xilas olacaq. Elə hər qarışı qiymətli yataqlarla zəngin, suyu məlhəm olan Kəlbəcər də. O, günü hər kəs görəcək.
Elfuzə VƏLİYEVA