Tərtər rayon qəzetinin 85 illiyi yaxınlaşır. Qəzet bu günə kimi oxucusunu razı salmağa çalışıb. Hazırda onun elektron saytı da daxil olmaqla minlərlə izləyicisi var.
Qəzetimizin dostları sırasına qəbələlilər də qoşulublar. Onlar da bizi 85 illik yubileyimiz münasibəti ilə təbrik edirlər.
Fərman Əzizli
Azərbaycan Respublikasının Maarif Xadimi, Əməkdar müəllim, “Təhsil problemləri” qəzetinin və “Ziyalı” jurnalının xüsusi müxbiri, Qəbələ rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü
Hörmətli və dəyərli dost, 85 yaşlı Tərtər rayon qəzetinin baş redaktoru Tofiq Yusif! Sizə və redaksiyanın kollektivinə Qəbələ rayon ağsaqqalları və yazarları adından səmimi salamlarımızı yetirirəm.
Məlum etmək istəyirəm ki, mən sizin “Yeni Tərtər” qəzetinin saylarını çox həvəslə, ardıcıl olaraq oxuyuram. Səhv eləmirəmsə, qəzetin 1934-cü ildən bu günə kimi, siz, Tofiq Yusif, 11-ci redaktorusunuz. Sizin rəhbərlik etdiyiniz dövrdə qəzet geniş oxucu kütləsinin dərin marağına səbəb olub. Bu kiçik həcmli qəzet–“Yeni Tərtər” vasitəsi ilə ölkə və rayona aid bütün məlumatlar yüksək səviyyədə oxucu kütləsinə çatdırılır. Bizim Qəbələ rayonunda da. “Yeni Tərtər” qəzetinin oxucularının sayı artmaqdadır. Rayonumuzda keçirilən tədbirlərdə sizin baş redaktoru olduğunuz “Yeni Tərtər” qəzeti ilə tədbir iştirakçıları tanış olurlar. Bu iş bir ənənə şəklini alıb. Odur ki, bizim rayonumuzun yazarlarından bir neçəsi sizin qəzetinizin qonağı olmasını arzu edirlər. Mən həmin yazarlarla Tərtərliləri tanış etmək istədim. İmkan daxilində onların təbriklərini qəzetiniz vasitəsilə bizim istəkli Tərtərlilərə çatdırmağınızı xahiş edirəm. Əvvəlcədən dərin təşəkkürümüzü bildiririk.
FƏXRƏDDİN BABABƏYLİ
1951-ci ilin fevralın 1-də Qəbələ rayonunun Yengicə kəndində anadan olub.
Ailəsi Qərbi Azərbaycandan 1918-ci ildə qaçqın düşüb Qəbələyə gəlib. İbtidai təhsilini Yengicədə, orta təhsilini Hacallı internat məktəbində başa vurduqdan sonra 1969-cu ildə keçmiş Lenin adına Pedaqoji İnstitutun filalogiya fakültəsinə qəbul olub, həmin fakültəni 1972-ci ildə fərqlənmə diplomu ilə bitirib. Üç il məktəb direktoru, 43 il müəllim işləyib. “Baş müəllim”dir, döş nişanı, fəxri fərmanları var. İndi təqaüddədir.
İki ilə yaxındır ki, qələm dostum və həmkarım Fərman Əzizlinin vasitəçiliyi ilə “Yeni Tərtər” qəzetinin nömrələrini izləyir və oxuyuram. Doğrusu, Tərtər deyəndə daxilimdə bir istilik, həlimlik hissi baş qaldırır. Bilirəm ki, çay adıdır. Uzun müddət bədnam qonşularımızın hücumuna məruz qalan, amma çarpışan, özünün gücünü göstərən qəhrəman övladların məkanıdır Tərtər. Eşq olsun bu torpağı qoruyanlara! Eşq olsun və allah rəhmət eləsin bu torpaq uğrunda şəhid olanlara! Həm də eşq olsun Tərtər və onun qəhrəman övladlarını xalqımıza tanıtdıran, onların uğurlarını, sevincini, kədərini öz səhifələrində bəyan edən “Yeni Tərtər” qəzetinin yaradıcı heyətinə! Sevinirəm, iftixar hissi keçirirəm ki, bu qəzet Tərtərin bütün uğurlarından söz açır. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonda gördüyü məqsədyönlü işlərdən yazır. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı həm xarici, həm daxili siyasətdəki uğurlar qəzetin səhifələrində öz əksini tapır.
Qəzetin nailiyyətləri həm də baş redaktor Tofiq Yusifin gərgin əməyinin bəhrəsidir. Diqqətimi çəkən bir məqam da qəzetin səhifələrində ədəbi yaradıcılığa vaxtaşırı yer ayrılmasıdır. Əslində bu rayon yazarlarına verilən böyük qiymətdir, dəyərdir.
Səksən beş il oxucularına mənəvi qida verən, maariflənmə işi aparan Tərtər rayon qəzetinin bugünkü yaradıcı kollektivinə uğurlar arzulayıram.
XANLAR QUTQAŞINLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Qəbələ şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bir sıra şeir kitablarının, diafilm və tədris plakatlarının, eyni zamanda elmi etnoqrafik əsərlərin miniatür ustası kimi tanınır. Onun “Həzin xatirələr”, “Məhəbbət və göz yaşları”, “Dünyanın üstünə yeriyən zəhər”, “Qafqaz Albaniyasından bir yarpaq”, “Qəzəllər və Urartu mixi yazılar və azəri türk dili” adlı əsərləri oxuculara məlumdur. “Bir gecənin nağılı” müəllifin yeddinci kitabıdır. Kitabda qoyulan məsələlər Azərbaycan xalqının keçid dövründəki həyatının güzgüsü kimi diqqəti cəlb edir.
CƏLİL KOMRADLI
1960-cı ildə Qəbələ bölgəsinin Dızaxlı kəndində anadan olub. Onun “Şəhidlər əmanəti”, “Dost gəzirəm”, “Toy təranələri” kitabları çap olunub.
Salam, hörmətli redaksiya!
“Yeni Tərtər” qəzetiylə tanışlığım elimizin gözəl ziyalısı neçə respublika səviyyəli jurnal və qəzetlərin bölgə müxbiri olan Fərman Əzizlinin vasitəsiylə oldu. Ona öz dərin təşəkkürümü bildirirəm. Məni ilk cəlb edən qəzetinizdə gedən mövzuların aktuallığı oldu. Əgər bir mətbu orqanı öz işini günün tələbləri səviyyəsində qura bilirsə, deməli həmin orqan həyatın güzgüsü ola bilir. Bu baxımdan “Yeni Tərtər” qəzeti həyatımızı güzgü kimi əks etdirən tam bir mətbu orqandır. Həm də unutmaq olmaz ki, Tərtər düşmənlə üzbəüz dayanan bir bölgədir. Belə bir bölgədə yaşamaq da, yaratmaq da hər bir insandan böyük fədakarlıq tələb edir. Mən sizlərin əzm və cəsarətinizə həqiqi mənada heyranam. Qəzetinizin bir üstünlüyü də redaktorun şair və publisist olmasıdır.
EMİN BARATOĞLU
AYB-nin və AJB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı.
1948-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində dünyaya gəlib. 1970-ci ildə Ağdaş Pedaqoji Texnikumunu bitirib. Emin Bum qəsəbə tam orta məktəbində müəllim işləyib. 1968-ci ildən respublikamızın müxtəlif qəzet və jurnallarında şeirləri dərc edilir. 15 kitabın müəllifidir.
ŞƏRİF TAHİRLİ
AYB, AJB-nin üzvü, Respublikanın qabaqcıl Maarif Xadimi , 89 yaşı var.
1930-cu ildə Qəbələ rayonunun Xırxatala kəndində dünyaya gəlib.
10-dan yuxarı kitabın müəllifidir. Xarici ölkələrdə kitabları nəşr edilib. Şeirləri rus və özbək dillərinə tərcümə olunub.
MİRHƏSƏN AĞAYEV
1951-ci ildə Qəbələ rayonu Mirzəbəyli kəndində müəllim ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi bitirərək, 1968-ci ildə Şəki Pedaqoji Məktəbinə daxil olub və 1970-ci ildə həmin məktəbin idman şöbəsini bitirib.
1980-85-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu qiyabi yolla başa vurub. Ailəlidir, 2 övladı, 5 nəvəsi vardır.
2 kitab müəllifidir. “Çələng” və “Düşüncələr” adlı şeirlər kitabları çapdan çıxıb.
ELÇİN DÖNMƏZ
1966-cı ildə Qəbələ bölgəsinin Sileyli kəndində ziyalı ailəsində anadan olub.
1987-ci ildə Mingəçevir Politexnik Texnikumuna daxil olub, 1990-ci ildə oranı müvəffəqiyyətlə başa vurub.
Elçin Dönməzin mətbuatda dərc olunan şeirləri oxucular tərəfindən maraqla qarşılanır.
XANLAR ƏFSUN
1951-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.
Ali təhsillidir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Müxtəlif vaxtlarda Bakının 281, 285, 118 saylı ümumtəhsil məktəblərində müvafiq olaraq müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. Hazırda Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim işləyir.
1966-cı ildən şeirləri, publisistik yazıları ilə dövrü mətbuatda çıxış edir. “Sevginin sonu yoxmuş” adlı poeması kitab halında çap edilib. “Çiçək ətirli ömür” şeirlər və poemalar kitabı 2007-ci ildə işıq üzü görüb.
NƏZAKƏT NEMAN
1976-cı il-də Qəbələ şəhərində anadan olub. 1993-cü ildə Qəbələ şəhər 2 saylı orta məktəbini bitirib. Elə həmin il də ADPU-nun riyaziyyat fakültəsinə qəbul olub.
Orta məktəbdə oxuduğu illərdə şeirləri və məqalələri rayon qəzetində və “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Ali məktəbi bitirdikdən sonra ixtisası üzrə müəllimlik fəaliyyətinə başlayıb. “Nisgilli dünyam”, “Nə yaxşı sən varsan”, “Axtaracaqsan” adlı 3 şeir kitabının müəllifidir. 15 şeirinə bəstəkarlar tərəfindən mahnılar bəstələnib. 500-dən çox şeir və hekayələr müəllifidir. Ailəlidir, 2 övladı var.