Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Apr

    “QARA MAMED”

    Uşaqlıq yaddaşımda “Qara Mamed” adlı bir el ağsaqqalı varıydı. Sayılıb-seçilən insanlardanıydı. Onun haqqında həmişə xoş sözlər söylənər, xeyirxahlığından danışılar, ailədə, işdə tələbkar olduğu söylənərdi. Qismət elə gətirdi ki, “Qara Mamed”in övladları ilə eyni orta məktəbin şagirdləri olduq. Hətta sonralar qardaşı qızı ilə bir yerdə işlədik. Bu zaman nəinki təkcə bu el ağsaqqalını, həm də onun ailəsini, yaxınlarını–doğmalarını tanıdım.
    İllər ötüb-keçib. Həyatda itirdiklələrimiz əvəzsiz insanlar kimi rayonumuzun say-seçmə sakinlərindən olan “Qara Mamed”i də itirdik…
    “Qara Mamed” kim idi?…
    Əliyev Məhəmməd Kamal oğlu 1 iyul 1923-cü ildə Dərələyəz mahalının Hors kəndində doğulmuşdu. O, orta məktəbi qonşu Ərmik kəndində bitirmişdi. Onun gəncliyi Böyük Vətən müharibəsinin ilk illərinə təsadüf etmişdi. 1941-1943-cü illərdə müharibədə olmuş və fədakarlıqlar göstərmişdi. Dəfələrlə yaralanmışdı. Başqa həmvətənlərimiz kimi müharibə Məhəmmədə də öz sərt üzünü göstərmişdi. O, aldığı yaraların nəticəsində doğma el-obasına 2-ci qrup əlil kimi qayıtmışdı. Böyük Vətən müharibəsindəki şücaəti Məhəmmədə bir sıra təltiflər qazandırmışdı.
    1947-ci ildə həmyerlisi Əliyeva Sarabəyim Gəncalı qızı ilə ailə qurmuşdu.
    Bu ailənin xöşbəxt günlərinin davam etdiyi bir zamanda tarixən yurd-yuvası olmayan ermənilər azərbaycanlıları öz dədə-baba yurdlarından yenə məcbur çıxarmağa başladılar. Digər Azərbaycan ailələri ilə birgə Məhəmməd Əliyevin ailəsi də Hors kəndini məcburən tərk edərək, İmişli rayonuna üz tutdu və orada məskunlaşdılar.
    1956-cı ildə rayon partiya komitəsinin zəmanəti ilə Bakı Ali Partiya Məktəbinə göndərilmiş, 1960-cı ildə həmin məktəbi bitirmişdi. 1968-ci ilə kimi İmişli rayonunda müxtəlif vəzifələrdə işləmişdir.
    1965-ci ildən Məhəmməd Əliyevin ailəsi Tərtər (keçmiş Mirbəşir) rayonuna köçüb. 1968-ci ildən 1982-ci ilə kimi Yevlax şəhər 4 saylı Fəhlə-Təchizatı İdarəsinin müdiri vəzifəsində çalışıb. Həmin idarə Respublikanın 20 rayonunun ərazisində yerləşən iaşə-təchizat obyektlərini əhatə edirdi.
    Ümumiyyətlə, o, 1943-cü ildən 1982-ci ilə kimi müxtəlif məsul vəzifələrdə çalışıb.
    Məhəmməd Əliyev harada işləməsindən asılı olmayaraq, həmişə öz xeyirxahlığı, səxavətliliyi ilə tanınmış, insanpərvərliyi ilə nümunə olmuşdu. Onun əməyi dövlət tərəfindən müxtəlif medallar, Fəxri fərmanlar, qiymətli hədiyyələrlə və digər mükafatlarla qiymətləndirilmişdir.
    Məhəmməd Əliyevin ailəsi böyük ailələrdən hesab olunurdu. Onun 3 qızı, 3 oğlu varıydı, Pakizə, Samaya, Nazilə, Əli, İlxas, İlyas. 13 nəvəsi, 14 nəticəsi var. Bir nəvəsi Məhəmməd isə onun adını daşıyır. Elə bu məlumatları da mənə həmin nəvəsi verdi–ocağında oturub, adını daşıdığı Məhəmməd.
    Xalq arasında isə Məhəmməd Əliyevi “Qara Mamed” kimi tanıyırdılar. El hörməti qazanmış bu insan ömrünün 59-cu ilində–1982-ci il fevral ayının 2-də dünyasını dəyişdi, xatirələrdə xeyirxah bir insan kimi qaldı.
    İllər keçsə də, yaxşılar heç vaxt unudulmur.
    “Qara Mamed” də həmişə anılıb, xatırlanan şəxsiyyətlərdəndir.

    Müəllif: Redaktor, 08:36

İsmarıclar bağlıdır.