(Novella)
–Mən boşanmaq istəmirdim. Ailəni dağıtmaq Tanrı dərgahında da böyük günah sayılır. Həm də bir uşağımız vardı. Onu atasız qoymaq olmazdı. Bu uşağa niyə yetim deməliydilər ki? Ortaya inad düşmüşdü. Ərim “tüpürdüyünü yalamaq” istəmirdi. Nə qədər xahiş-minnət elədimsə də, xeyri olmadı. “İki ayağını bir başmağa dirədi” ki, boşanıram, vəssəlam! Sənnən bir yerdə yaşamaqdansa, eşşəklə yaşamaq yaxşıdır. Ömrüm boyu arvadsız qalmağım sənin kimi biriynən bir damın altında yaşamaq əzabından min qat fərzdir. Üzünü görmək mənə cəhənnəmin qır qazanında yaşamaqdan da betərdi.
–Niyə, neyləmişəm sənə? Evin bütün ağırlığı mənim boynumdadır. Çalışıb-vuruşuram, işləyib uşağıma çörək qazanıram. Pis yola getmirəm, narkoman deyiləm, pinti deyiləm, siqaret çəkmirəm. “Qaa”–deyəndə ət verirəm”, “quu”–deyəndə su verirəm; daha nə istəyirsən?
–İş sənin sadaladığın haqq-hesablarla bitmir ha! De görüm, bircə dəfə də olsa, məni nəvazişnən qıdıqlamısan? Bircə dəfə məni qucaqlayıb o üzümdən, bu üzümdən öpmüsən? Bircə dəfə başımı sığallamısan? Bir dəfə soruşmusan ki, könlündən nə keçir? Bircə dəfə məni restorana aparmısan? Mənnən bir dəfə tans oynamısan? Bir dəfə məni samalyota mindirmisən, sanatoriyaya göndərmisən? Əlbəttə, yox! Yerə soxum sənin arvad boynunu! Adımız olub ər-arvad, amma sən ancaq öz istəyindən ötrü dil tökmüsən. Utan ey, utan!!! Qonşulara bax, gözlərinə su ver. Hələ bir dilin də var danışırsan?! Boşanıram, qurtardı–getdi!
–A kişi, sən dediklərini kişilər arvadlarına eləyir. Niyə tərsinə danışırsan? Mən qadın xeylağıyam, uşağımı zornan saxlayıram.
Kişisən, get kişi məsələlərini özün həll elə.
Kişi qeyzlə səsləndi:
–Sən dediyin əvvəllər olub. İndi başqa zamandı, hər şeyi arvadlar həll edir. Kişilər onların qazancı ilə dolanırlar. Ailəni də arvadlar saxlayır. Qazancı da onlar gətirir, kişiləri də, uşaqları da qadınlar saxlayırlar. Toya da, yasa da onlar gedirlər. Sənin isə üst-başından borş iyi gəlir. Həftədə bir əynini dəyişmirsən. Qazancın yeməyimizə zornan çatır. Amma Məmmədqulunun arvadı Xeyransa ərinin altına bir cağ “Mersedes” alıb qoyub. Məhəmmədin arvadı Xəzəngül şəhərin mərkəzindən üç otaqlı mənzil alıb. Qəmbərin arvadı Təzəxanım ərini hər il iki dəfə “dom otdıx”a göndərir. İmamverdinin arvadı Nataşa əri üçün bir “Market” açdırıb. Sən neynəmisən, ay bədbəxt?! Boşayıram səni.
–A kişi, onlar hansı yollarnan pul qazanır, sən də yaxşı bilirsən. Utanmırsan mənə elə sözlər deyirsən?! –hansı yolnan olur-olsun, mənə dəxli yoxdur, taki qazanc olsun.
–Bəs uşağımızı hara qoyursan?
–Hara qoyacam? Verəcəm qoltuğuna, necə doğmusansa, elə də apar saxla.
–A kişi, etmə-eləmə, gəl tök bu daşı ətəyindən, baş-başa verək, dolanaq, bu ailəni dağıtmayaq. Ayıbdır! Səndən indiyə qədər heç nə əsirgəməmişəm, innən belə də əsirgəməyəcəm. Uşağımı atasız qoyma, yazıqdır!
–Yox, olmaz, boşayacağam səni!
Qadın daha dözmədi:
–Bilirəm, bunların hamısını o saçı kəsik, kraskalı Valyaya görə eləyirsən. Saqqızını yaman oğurlayıb. Elə o dediyin qadınlardan biri də odur. Fikirləşirsən ki, səni qızıla bükəcək? Ay-hay! O bilir ki, altında küpə var. Yaxşı fikirləş, ondan sənə arvad olmayacaq. Gündə bir kişiynən oturubdurur. Bir gün də səni tryapka kimi atacaq ayağının altına, olacaqsan heç nəyin heçi.
–Sənə dəxli yoxdur!
…Günlər ötdükcə vəziyyət daha dözülməz hal aldı. Bir gün kişi əsəbləşib güllə kimi evdən çıxdı.
Aradan bir müddət keçdi. Arvadın adına məhkəmədən çağırış gəldi. Onu məhkəməyə çağırırdılar. Orada arvadı sorğu-suala tutdular:
–Niyə kişiynən yola getmirsən? Niyə ailənin dağılmasına bais olursan? O uşağın günahı nədir?
Qadın ha and-aman elədi ki, günahkar deyiləm, mən boşanmaq istəmirəm, kişi boşayır. Xeyri olmadı.
…Məhkəmə bir neçə iclasdan sonra onlara 3 ay möhlət verdi.
Sonuncu iclasda hakim hökm oxudu, onların boşanmaları haqqında qətnamə çıxarıldı.
Bir müddət sonra qadın aliment tələbi ilə məhkəmə qarşısında iddia qaldırdı. Məhkəmənin hökmü ilə aliment təyin olundu. Amma… Alimenti kişi yox, arvad ödəməli idi. Kişi hakimlə bu işi elə “düzüb-qoşmuşdu” ki, arvad günahkar sayılırdı Güya uşağı da kişi saxlayacaqdı…
Tofiq YUSİF