Tərtər rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmin təhlükələri” mövzularında maarifləndirici tədbirlər keçirilib.
Tədbirdə əvvəlcə rayon polis şöbəsinin rəisi Elçin Qasımov məruzə ilə çıxış edərək, “əsrin bəlası” olan narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından danışıb.
Sonra Elçin Qasımov son dövrlərdə din pərdəsi arxasında gizlənib, cəmiyyəti məhvə sürükləmək istəyən ünsürlərə qarşı rayonda qabaqlayıcı tədbirlərin görüldüyünü diqqətə çatdırıb, erkən nikahın yaratdığı problemlər barədə məlumat verib.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın, erkən nikah və dini radikalizmin təhlükəli fəsadlarına qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, bu istiqamətdə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bunların qarşısının alınması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Tədbirdə Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri Sadiq Cəfərov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, psixiator-narkoloq həkim Rima Axundova, QHT nümayəndəsi Günel Abbasova narkomaniya, dini radikalizmə və erkən nikahın fəsadları barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Yeni Tərtər”