DÖVLƏT QAYĞISININ ƏYANİ TƏZAHÜRÜ
Ermənistan–Azərbaycan –Dağlıq Qarabağ münaqişəsi zamanı təkcə torpaqlarımızı itirmədik, həm də qız-gəlinlərimizin mənliyi tapdalandı, uşaqlarımız müalicəsi olmayan xəstəliklərə tutuldu, ər oğullarımız sağlamlıqlarını itirərək yarımcan oldular. Bütün bunlar tariximizə yazılmış qanlı səhifələrdir. Bədənlərdəki əzalar doğrandı, canlar itirildi, qantuziyalar nəticəsində yaddaşlar zəiflədi. Lakin vətən sevgisi azalmadı, lakin vətəndaşlıq borcu unudulmadı. Dizində taqəti, ürəyində təpəri olan hər kəs Vətən uğrunda savaşa qalxdı.
Dövlətimiz bu cür insanların zəhmətini, fədakarlığını unutmur. Hazırda yüzlərlə Qarabağ müharibəsi əlili var ki, onların sağlamlığı, sosial şəraiti ölkə və rayon rəhbərliyinin diqqət mərkəzində saxlanılır.
Belə insanlarımızdan biri–1-ci qrup Qarabağ müharibəsi əlili Atayev Eyvaz Nemət oğludur.
Eyvaz Atayevlə rayonun bəzi tədbirlərində qarşılaşmışdım, lakin onunla söhbətim birinci dəfə idi. Sinəsindəki döş nişanı və medalları ilə maraqlandım.
–Əfqanıstan və Qara-bağ müharibələrində iştirak etmişəm.
Sizə göstərilən qayğı necədir?–soruşdum.
Əvvəlcə özü barədə məlumat verdi:
–Mən 1965-ci il oktyabrın 8-də Yuxarı Sarıcalı kəndində doğulmuşam. Həmin kənddə 8 illik məktəbi, sonra isə indiki Ələsgərli kəndində orta məktəbi bitirmişəm. 1982-ci ildə Gənçə şəhər Politexnik Texnikumunun avtomexanika faküttəsinə qəbul olmuşam. Orada oxuduğum vaxt hərbi xidmətə çağrılmışam, Əfqanıstana göndərilmişəm. Xidmət dövründə əsas əməliyyatlarda fəqləndiyimə və cəsus kimi göndərilmiş bir nəfəri tutduğuma görə Əfqanıstan dövləti tərəfindən medalla təltif olunmuşam, Azərbaycana barəmdə təşəkkürnamə göndərilib. 1985-ci ildə hərbi xidmətimi başa vurub, təhsil aldığım texnikumda təhsilimi davam etdirmişəm. Texnikumu qurtardıqdan sonra rayonumuzdakı elektromexanika zavodunda əvvəlcə mexanik və sonra baş mexanik, narçılıq sovxozunda komsomol təşkilat katibi işləmişəm. Rayon rəhbərliyi mənim təşkilatçılıq bacarığımı nəzərə alıb, Bakı Ali Partiya Məktəbində təhsil almağımı məsləhət bilib…
Lakin 1990-cı il yanvarın 20-də rus ordusunun Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik bütün vətənpərvər insanlar kimi Eyvazın da həyatına zərbə vurdu. O, nifrətini bildirmək məqsədi ilə partiya biletindən və partiya məktəbində oxumaqdan imtina etdi.
1991-ci ildə Tərtər rayon Əfqanıstan Cəmiyyətinin sədri seçildi.
Söhbət zamanı hiss edirdim ki, Eyvaz yaddaşının səhifələrini varaqlayarkən çox çətinlik çəkir. Milli ordunun tərkibinə necə daxil olması və döyüş günləri barədə danışmasını xahiş etdim.
–Bağışlayın, yaddaşım zəiflədiyindən tarixləri dəqiq xatırlaya bilmirəm, –dedi.
Amma, erməni vəhşiliklərinin qarşısını almaq məqsədi ilə Azərbaycan ərazilərinin bütövlüyü uğrunda yaradılan özünümüdafiə batalyonuna yazılan ilk könüllülərdən biri də elə Eyvaz olub. Bunu döyüş yoldaşları da təsdiqləyir. Eyvaz Ağdərə ətrafı döyüşlərdə mərdliklə vuruşub. Marquşavan, Çaylı, Həsənqaya kəndləri, Madagiz Su Anbarı və Ağdərə şəhərinin ermənilərdən təmizlənməsi uğrunda yoldaşları ilə birgə fədakarlıq göstərib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb. Lakin qospitalda çox qalmayıb, batalyona qayıdaraq yenidən döyüşlərə qatılıb. Yaralıların döyüş bölgəsindən çıxarılmasına dəfələrlə köməklik göstərib. Sonuncu dəfə yaralandığı zaman yaddaşını itirib. Yanında mərmi partlaması nəticəsində güclü qantuziya almışdı. Bu günə kimi də onun əziyyətini çəkir. Bunu söhbətimiz zamanı daha aydın hiss etdim.
Eyvaz ona göstərilən dövlət qayğısından danışaraq bildirdi ki, hər an bu qayğını üzərimdə hiss edirəm. Ölkə Prezidenti İlam Əliyevin öz əli ilə mənə “OKA” markalı avtomobilin açarını təqdim etməsindən bir fəxarət duyuram. Rayon rəhbərliyinin təşəbbüsü ilə mənə təqdim olunan “Vətən naminə” medalı və “Vətənpərvərlik işində xidmətlərinə görə” döş nişanı, Azərbaycan QMƏVŞAİB-nin idarə heyəti tərəfindən verilən “Fədai” medalı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Əfqanıstan döyüşlərindəki xidmətimin qiymətləndirilməsi müharibə əlillərinə göstərilən qayğının bariz nümunəsidir. Ölkə Prezidentinin və rayon rəhbərinin qayğısı ilə 2017-ci ildə mənə 3 otaqlı fərdi evin verilməsi, müxtəlif sanatoriyalarda müalicə olunmağım əlillərin sosial müdafiəsinin diqqət mərkəzində olmasından xəbər verir.
Eyvaz ailəsindən də söz açdı. Bildirdi ki, həyat yoldaşı Pərvanə ilə 2 övlad böyüdürlər. Oğlu Xanlar və qızı Minarə şəhər 5 saylı tam orta məktəbin şagirdləridir. Onlar da atalarına göstərilən dövlət qayğısından məmnundurlar.
Elfuzə VƏLİYEVA