DÜNYANI ÜRƏYİ İLƏ GÖRÜR
Noyabrın 13-ü fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib. 30 mindən çox görmə qüsurlu şəxs olan Azərbaycanda isə 2002-ci ildən etibarən Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir.
Ufadakı gözdən əlillər üçün xəstəxananın otağı geniş və işıqlı olsa da, buradakılardan ötrü ətrafda zülmət qaranlıqdan başqa heç nə yox idi. Ümid yalnız Allaha və həkimin şəfalı əllərinəydi. Bəzən kiminsə gözündə bir işartı yaranır və bu zaman bütün xəstələr sevinclə onun ətrafına toplaşaraq, bu xoşbəxt anları birgə yaşayırdılar. Belə günlərin birində Müslümə də elə gəldi ki, müalicə bəhrəsini verir, artıq o, gözlərində müəyyən qədər dəyişiklik hiss edir. Müslüm anasının əlindən tutub, xəstəxananın foyesinə çıxdı. Tibb bacısından da xahiş etdi ki, hamını bura dəvət etsin. Müslüm oxumağa başladı. O, heç zaman bu cür ürəklə, belə həvəslə oxumamışdı. Xəstələrin çoxu Azərbaycan dilini bilməsə də, balaca müğənninin səsindəki kədər qarışıq sevinc hər kəsi ovsunlamışdı. Müslüm öz dünyasındaydı, musiqi dünyasında və hiss olunurdu ki, çox xoşbəxtdir.
Müslüm Müslümzadə rayonumuzun İsmayılbəyli kəndindəndir. Hal-hazırda onun 17 yaşı var. Dünyaya gözdən əlil kimi doğulsa da, Allah ona gözəl istedad verib. 11 yaşından muğam oxumağa başlayıb və əvvəlcə rayonumuzda, sonra isə onun hüdudlarından kənarda da dinləyiciləri tərəfindən sevilib. 2018-ci ildə Tərtər uşaq Musiqi Məktəbinin muğam şöbəsini bitirib.
Rayonumuzda keçirilən bayram şənliklərində, müxtəlif əlamətdar günlərə həsr olunan tədbirlərdə bu hündürboylu, yaraşıqlı oğlanı alqışlarla qarşılayırlar. Televiziya tamaşaçıları isə Müslümü “Tanıdım səni” və “Öz aramızda” verilişlərindən tanıyırlar. Telestudiyada olarkən məşhur müğənni Könül Xasıyevanın sözlərini o heç zaman unutmur. Könül xanım ona demişdi: “Müslüm, gözün açılsa da, açılmasa da, istedadın səni bu xalqa tanıdacaq. Sən xoşbəxt insan olacaqsan”.
Bu yaxınlarda N. saylı hərbi hissədə əsgərlərlə keçirilən görüşdə iştirak edən Tacir Şahmalı oğlu da Müslümün istedadını yüksək qiymətləndirib.
Təəssüf ki, gənc müğənninin Başqırdıstandakı müalicəsi yarımçıq qalıb. Onu davam etdirməyə ailəsinin maddi imkanı çatmayıb.
“Hansı fəsli daha çox sevirsən?–sualına Müslüm dedi ki, yayı sevir. Çünki yay aylarında həyətlərində oturub doyunca oxumaq imkanı olur. O istəyir ki, mahnıları çox uzaqlara gedib çatsın. İnsanlara mərhəmət, sevgi, vətənpərvərlik hissləri aşılasın.
Musiqi ilə yanaşı Müslüm Müslümzadə poeziyanı sevir. Onun həyatının işığı musiqi və poeziyadır.
Svetlana BAĞIROVA