Bu günlərdə Dəmirçilər kənd mədəniyyət evinin və Ağkənd kənd kitabxanasının işçiləri “Xocalı soyqırımı”nın 27-ci il ildönümü münasibəti ilə geniş tədbir keçirmişlər.
Tədbiri giriş sözü ilə mədəniyyət evinin direktoru Ləman Bəylərova açdı. “Xocalı soyqırımı” şəhidlərinin və ümumiyyətlə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə “Xocalı soyqırımı”nın törədilməsi və erməni vandalizmi haqqında mədəniyyət evinin təşkilatçı metodisti Gültəkin Hüseynova məruzə etdi.
Məruzə ətrafında Dəmirçilər tam orta məktəbinin hərbi müəllimi Şükür Tağıyev, Ağkənd uşaq bağçasının işçisi Gülnar Məmmədova, Cəmilli kənd xəstəxanasının tibb bacısı Həqiqət Tahirova və kənd sakini Marusa Musayeva çıxış etdilər.
Sonra mədəniyyət evinin bədii rəhbəri Hicran Tahirovanın ssenarisi ilə Cəmilli və Dəmirçilər kənd orta məktəbləri şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərildi.
Şahbaz HÜSEYNOV,
kənd sakini, təqaüdçü