Bir dostum varıydı… Təpədən –dırnağa səmimiyyət idi. Nə etsəydi, hamısı təbii alınardı. Onun gülüşündən tutmuş əsəbinə qədər hər şey özününküydü. Əlavə bir qondarması,” boğazdan yuxarı bir sözü” olmazdı. Nə cür görünürdü, o cür də varıydı, nə cür varıydı, o cür də görünürdü. İncikliyi də dost kimiydi. Dostluğu isə əvəzolunmazdı. Bir sözlə, mən belə təbii adam görməmişdim. Dünyanın bu anlaşılmaz, bu sərsəm vaxtında şükür edirdim ki, nə yaxşı belə insan var! Onun əsəbdən doğan acı sözləri də digərlərindən seçilirdi, sanki bal kimiydi. Elə bil bu istiotdan acı sözləri də ilıq bir istəkdən əmələ gəlirdi. Hirsinin şahə qalxan zamanlarında da istəmişdim ki, ondan inciyim, alınmamışdı. O, bizim kimi adi deyildi, büsbütün qeyri-adilikdən yoğrulmuşdu. Ailəsi və dostu üçün hər şeyə hazır idi, hətta şirin canından keçməyə də. Amma bunu biruzə verməzdi. Bir də görərdin ki, əsdi, coşdu, “dünyanı qatdı biri-birinə.” Bir də görərdin ki, sakitləşdi, qəzəbi toxtadı, döndü sakit-sakit axan bir bulağa. Ovqatı tez-tez dəyişərdi dünyanın halı kimi.
…Ölümlə qucaqlaşıb yaşamışdı–ömrünün çoxu əcəllə mübarizədə keçmişdi, həmişə də qalib gəlmişdi. Əzrayılı vecinə alan deyildi. Çünki onu dəfələrlə üstələmişdi. İndi də məəttəl qalıram: Bir insan neçə dəfə ölümü öldürə bilərmiş?! Ondakı fiziki dözüm, həyat eşqi məni həmişə heyrətdə qoyubdu və indi də yadıma düşəndə təəccübüm artır. Bir Allah bəndəsi bu qədər gücü, həyat eşqini hardan alırdı?! Bəşər övladında belə qüvvə olmayıb və ola da bilməz! Bəs onda bu nə sirri billah idi?!
Bir gün görüşməsək, darıxardıq. Zəng edib, soruşardı: “Bilmirsən hardasan?”. Dəhşətli ölümə sinə gərib yaşamağındanıydı ki, ömür-gün yoldaşı, bütün həyatını ona qayğıya sərf etmiş Zeynəb xanım da, oğlanları Elgün və Vasif də, qızı Arzu da heç vaxtı “ bir sözünü iki eləmədilər”, “başına pərvanə kimi dolandılar”, hər istəyini yerinə yetirdilər. Bu, belə də olmalıydı. Onun ailəsi ayrı cür ola bilməzdi. İndi onların hər birisinin göz-lərində dərya boyda kədər var, həsrət var, nisgil var…
Dostluğun nə demək olduğunu öyrənmək üçün onunla Osman arasındakı bağlılığı, ünsiyyəti və sədaqəti bilmək kifayətdir. O Osman ki, indi də bu ailənin ən sadiq dostu, ən etibarlı bir sirdaşıdır. Osman Hacıyevi deyirəm.
…Bir dəfə xəstəxanadan çıxıb öz maşını ilə evə gələndə yolda yoldaşı Zeynəblə birlikdə qəzaya düşmüşdü. Evlərinə yanına getdim. Vəziyyət xoşagələn deyildi, hər ikisi ciddi xəsarət almışdı. Yataqdaydı. Gərginliyi zarafatla bir az yumşaltmaq istədim: “Bu camaatın başına nə oyundu açırsan?”. Deyəsən məqsədim baş tutdu. Dedi: “Əri döymüş arvadı, it də tutdu bir yandan “. Sonra başına gələn əhvalatı danışdı…
Dünyadır da!… Hərəni bir cürə dolaşdırıb çəngəlinə keşirir, sonra da başına oyun açır. Hamımız ömür adlı bir yolun yolçusuyuq: Bu yolda hər kəsin bir dayanaçağı var. Heç kim bundan o yana gedə bilməz.
Onun çox adama yaxşılığı keçmişdi. Lakin heç kimdən bunun əvəzini gözləmirdi.
Qızıldan Azərbaycan bayrağını düzəltdirib, özü öz əlləri ilə sancmışdı yaxama. Həmin bayrağı həmişə yaxamda gəzdirirəm. Bayraq durur, amma bağışlayan yoxdur…
… Qəfil xəbər verdilər : “Yolda keçinib!” Kim inanardı ki, buna? Yüz dəfə ölümü öldürən adam necə ölə bilərdi? Yumağa döndüm. Cavanıydı, 50-ni təzəcə aşmışdı o üzə…
Onun yas yerinə cəmi bir dəfə zornan getdim. Ondan sonra indiyə qədər bir dəfə də olsun o evin qapısını aça bilməmişəm. Qorxmuşam ki, Zeynəb bacı məndən soruşsun: “Dostun hanı?”. Yəqin ki, dostumun ruhu və onun gözəl ailəsinin üzvləri məni bağışlayarlar.
Yoxluğuna bu gün də inana bilmədiyim o əziz dostum Mahir Ağayev idi. Ona “Qızıl Mahir” də deyirdilər.
Ruhu qarşısında baş əyirəm.
TofiqYusif