Novruzun əsas atributlarından biri Novruz süfrəsidir. İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olarsa, il bir o qədər bərəkətli olar.
Qədim zamanlarda belə bir inanc da vardı: Əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünütəsdiqindən xəbər verirdi. Novruz bayramında süfrənin əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s. saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli içkilərə yer verilir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
Niyə belədir?
Keçmiş zamanlarda insanlar dünyanın 7 təbəqədən ibarət olduğunu hesab edirdilər. Ona görə də ildəyişmə bayramında (Novruzda) 7 cür yemək, 7 cür şirniyyat, 7 cür çərəz… (hətta özbəklər 7 cür ağac çöpünü qırıb süfrəyə qoyurlar) qoymaqla sanki süfrədə bütün kainatın kiçik modelini yaradırdılar. İnanca görə, bunu bacaran ailə, yeni ilə tamlıq, bütövlüklə keçə bilirdi. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və s. bayram süfrəsinin bəzəyi olur.
Bayram süfrəsinə gözəllik verən nemətlərdən biri də xonça çərəzlər, şirniyyatlarla bəzənir, yumurtalar boyanır. Əvvəllər bir gecədə 300-400 yumurta boyayırdılar və uşaqlara paylayırdılar. Çünki yumurta bolluğun, bərəkətin rəmzi idi. Yumurta döyüşdürmək isə xeyrin şər üzərində qələbəsinə işarə idi.
Bayram süfrəsi bəzəyərkən diqqətli olmaq lazımdır: süfrəyə acı, şor, turş nemətlər qoyulmamalıdır. Məsələn, istiot, sirkə, soğan, sumax, sarımsaq və s. Hətta bəzi mənbələr şor qoğalının da qoyulmasını düzgün hesab etmir.
Süfrədə çörək mütləq olmalıdır. Çünki çörək bərəkətin rəmzidir.
Novruz süfrəsindən heç nə atılmamalı, yeməklər sona kimi yeyilməlidir.
-
07Mar
Müəllif: Redaktor, 09:07
Teqlər: Digər