Kosa və keçəl –Azərbaycanda, xüsusilə Novruz bayramında məşhur personajlardır. Onların oyunbazlığı bayrama xüsusi ovqat gətirir Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə Keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlardan açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı” əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Gözübağlıca, kəndirbaz oyunlarında da Keçəlin rolu var. Bəzən Kosanı, Keçəli bu bayramda inkar edirlər, amma bu düzgün deyil. Keçəl bəzi tamaşalarda keçi adı ilə çıxış edir, amma bu şənlikdə Keçi, Keçəl və Kosanın öz yeri var. Novruz bayramında bu obrazlar təbiətin oyanış dövründə gülüş, səmimiyyət doğurur. Kosa torpağın rəmzidi, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı, hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Təbiətin gözəlliklərini göstərmək, torpağı əkmək-becərmək üçün bu oyunlar quraşdırılır və bununla da tamaşa gözəl sonluqla yekunlaşır
-
07Mar
Müəllif: Redaktor, 09:04
Teqlər: Digər