SAZ ÇALDIRIB, ÇILPAQ QIZ OYNATMAZLAR!
AYIBDIR, VALLAH!!!
Saz Azərbaycan xalqının müqəddəs bildiyi bir milli-mənəvi dəyər rəmzidir. “Dədə Qorqud” boylarından Qopuz kimi çağlayan bu ovsunlu, sehrli çeşmə Koroğlunun qılıncla qoşalaşdırdığı bir güvənc və məftunluq mənbəyidir. Düşmənlə döyüşə sazla atılarmışlar, qalibiyyət də sazın təntənəsiylə bayram edilərmiş. Deyirlər ki, Qıratın dəliliyi tutanda Koroğlu Aşıq Cünunu çağırtdırıb onun yanında saz çaldırarmış. Sazın səsini eşidən Qırat layla səsindən xumarlanan uşaq kimi sakitləşərmiş. Bir də deyirlər ki, saz çalınanda birinin nəbzini tut, ürək döyüntüsündə dəyişiklik olmasa, o, xalis azərbaycanlı deyil. Həqiqətən də, saz havası, məsələn “Ruhani”, “Baş sarıtel”, “İncəgülü”, “Dubeyti”, “Dilqəmi”, “Kərəm gözəlləməsi” və s. ifa olunanda adamın bütün varlığı sazın pərdələrinə dönür, bu dünyanı unudursan, ovqatında bir dəyişmə, bir təzələşmə baş verir, qoşulub bu ahəngə axırsan, durulaşırsan, dünya gözündə musiqiyə bələnir, dərdin-sərin, ağrınacın yumşalır, ürəyin silkələnib yuxalır, bütün pisliklər yoxa çəkilir, yerində rahatlıq və dinclik qalır. Sazbənd Fərman Xuduoğlu özünün düzəltdiyi sədəfli sazında bir “Orta Sarıtel” çalsın, qulağına ana laylası, bir dağ şəlaləsinin “Cəngi”si, “Heyratı” ifa edən bir xor, Xəzərin qayalara çırpınan dalğalarının hikkəli səsi gəlməsə, sən adam deyilsən ki!
Nemət Qasımlı sazda bir “Ruhani” çalsın, özünü unutmasan, adın yadından çıxmasa, harda olduğunu yadına sala bilsən, onda sənin azərbaycanlı kimi yaşamağa haqqın varmı? Aşıq Ədalət Nəsibovun barmaqları sazı yox, ürəyini çalmırsa, səni bir sehrli aləmə aparmırsa, heç duyğun yoxdur ki!
Bir sözlə, saz tarixi keçmişimizdən qalan, –Tufarqanlı Abbas, Aşıq Valeh, Aşıq Qərib, Əslinin Kərəmi, Sarı Aşıq, Aşıq Ələsgər, Dədə Şəmşir kimi Allahın sehrə bələdiyi azmanların, qeyri-adilərin bizə əmanət qoyub getdikləri toxunulmaz yadigardır. Onu urvatdan salmaq, o müqəddəs ucalıqdan aşağı endirmək, adicə bir simli alət kimi görmək günahdır və öz keçmişinə xəyanətdir. Saz, ulularımızın xatirəsini yaşadır özündə. Bu əmanətə isə xəyanət olmaz, çünki xalqımızın inancıdır və ərməğanıdır.
Məmməd Aslanın:
Əl saxla, ay aşıq, bu nə əfsundu?
Bir dön gözlərimin heyrətinə bax!
Sən sazı çalmadın, qəlbimi çaldın,
O yeddi barmağın qüdrətinə bax!
Zəlimxan Yaqubun:
Axıt, sellərini simlərin üstə,
Yağdır sevincini qəmlərin üstə,
Dəm gətir bu şirin dəmlərin üstə,
Duyğusuz ürəkdə nə bahar, nə yaz?
Yaxşı ki, sən varsan, ay sədəfli saz!
Kimi könül çırpıntıları saza olan ümumxalq məhəbbətinin və ecazın ifadəsidir.
Bəs indi neyləyirik?! Sazı yazıqlaşdırmışıq, o halallığı haramlamışıq, aşağılamışıq, “yaxasından tutub, yerlə sürüyürük”, bu mənəvi sərvətimizi ayaqlar altında tapdalayırıq, o müqəddəsliyə hörmətsizlik edirik, özü də utanmadan, qızarmadan.
Bir Namiq Fərhadoğlu var. Adını aşıq qoyub. Harda aş, orda başdır. Pulun xətrinə bu xalqın gözünə bilmir ki, nə yolnan dürtülsün. Televiziya ekranlarından, ələlxüsus “Lider”dən düşmür. Ondan ən yaxşı halda kənd toyunun ucuz bir tamadası ola, ya olmaya. Gah televiziyada “qumar oynayır”–uduşa maşın qoyur, gah aparıcılıq eləyir, gah özünü saz müəllimi kimi təqdim edir, şagirdlərini ekrana cəmləyir, konsertlər verir, bir sözlə, yüz hoqqadan çıxır. İlk vaxtlar mən ona ciddi bir saz ifaçısı kimi yanaşmaq istəyirdim. Sonradan gördüm ki, yox, yanılmışam, əslində belə deyilmiş.
Bu günlərdə təsadüfən bir video izlədim. Aparıcı elan etdi ki, indiyə kimi sazla belə rəqs görməyib. Bu, nadir hadisədir. Namiq isə rəqqasəyə baxıb, özünü itirib, sazı kökləyə bilmir –deyə, aparıcı qadın qımışdı.
Xülasə, aparıcının əmri ilə işıqlar söndürüldü. Səhnəyə Aytən adında bir qız gəldi. Hələ rəqsə başlamamış Aytənin üst paltarını soyundurdular. Qurşaqdan yuxarı çılpaq, qurşaqdan aşağı da çılpaqfason bir şey qaldı.
Namiq Fərhadoğlu başladı sazda çalmağa. Qız isə heç bir əndəzaya sığmayan hərəkətlərlə bədəninin hər yerini silkələyə-silkələyə rəqsə girişdi, hansı gözdəniraq pəstaha qalmadı ki, çıxarmasın. Namiq isə öz dəmində idi. Havaları dəyişir, xüsusi bir ləzzətlə hırıldayır, bu abırsız oyundan zövq alırdı. Sanki çılpaq hindu qadın rəqsi edirdi. Saz isə elə bil inildəyir, ağlayır, hıçqırırdı. Sanki demək istəyirdi ki, məni niyə təhqir edirsiniz, niyə alçaldırsınız? Mənə niyə əzab verirsiniz? Mən hara, bu ayıblıq hara?! Mən hara, bu “Göbək rəqsi” hara?!
Namiq, Aytən və aparıcı qadın azərbaycanlılara xas olan utanc hissini itirərək şit-şit irişir, ətrafındakılar ehtirasa gəlib əl çalır, arada aparıcı da Aytənə qoşulub donunun qurşağadək yarığından budlarını nümayiş etdirə-etdirə orasını-burasını yırğalayırdı, ərəb barlarının həya bilməyən qadınları kimi.
Onların yerinə mən xəcalət çəkdim. Sazın halına ürəkdən acıdım, ona yazığım gəldi. Gör hansı ucalıqdan hara endirmişdilər bu bədbəxti! Ayıb olsun! Onların qanlarını analizə versən, bəlkə də heç biri azərbaycanlı çıxmaz.
Sazı urvatdan salan Namiq kimiləri çoxdur. Belələri puldan ötrü hər bir aşağılığa və iyrəncliyə hazırdır.
Bir “Davulçu qız Arzu” meydana çıxıb. Qazanc əldə etmək məqsədi ilə bu gənc qızdan yararlananlar onu saz havasıynan davul çala-çala çiyinlərini atmağa, ortada oynamağa, fırlanmağa məcbur edir və ən dözülməzi odur ki, aşıq Namiq Fərhadoğlu da ona qoşulub saz çalır. Oynayanlar sazın ətra-fında yox, qızın ətrafında fırlanırlar. Görün tamah nələr edir!
Son zamanlar sazın başına hansı oyun qalmır ki, açmayalar? Biri sazı çala-çala paçasının arasından keçirir, biri sazın qolundan tutub meymun kimi fırlanır, biri boynunun dalında ça-lır, biri ortasına toqqa kimi fırlaya-fırlaya rəqs edir, daha nələr, nələr…
Ayıbdır, vallah, ayıbdır!
Özünüz beş qəpiyə dəyməzsiniz, bu qədim-qayım səcdə olunası sazı da beş qəpiklik etməyin!
“Dədə Qorqud” boylarında göstərilir ki, əlində Qopuz olan düşməni öldürməzdilər. Sazın babasının hikmətinə baxın!
Bəsdirin “Yanıq Kərəmi”yə oynadınız! Bəsdirin sazı əcnəbi mahnılara məcbur etdiniz! Bəsdirin sazı oyuncağa çevirdiniz! Utanın!
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə belə bağışlanılmaz münasibət ən azı nankorluqdur.
Tofiq YUSİF