MÜRACİƏTİMİN HƏLƏ NƏTİCƏSİ YOXDUR
Hörmətli redaksiya!
2013-cü il 28 iyun tarixində quş yumurtalarının inqubasiya edilmədən bir-iki saniyə vaxt ərzində mayalı olması müəyyən edildi.
Bu yenilik haqqında sizin “Yeni Tərtər” qəzetində “Quşçuluq sənayesində yeni kəşf” adlı məqalə çap edildi. Lakin təəssüflər olsun ki, bu məqalə ilə aidiyyəti olan heç bir təşkilat maraqlanmadı.
Beş il keçdikdən sonra, 2018-ci ilin aprel ayının 26-da mən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə bu haqda müraciət etdim. Nazirlik quş yumurtalarının inqubasiya edilmədən bir-iki saniyə vaxt ərzində mayalı olmasının müəyyən edilməsinin yerində yoxlayıb, nəticəsi haqqında məlumat verilməsini Tərtər rayonun o vaxtkı Kənd Təsərrüfatı İdarəsinə həvalə etdi. Həmin idarənin rəhbərliyi işçi qrupu yaradaraq, bu yeniliyi yerində yoxladı və doğru olduğunu təsdiq etdi. 4 may 2018-ci il tarixdə həm mənə, həm də Kənd Təsərrüfatı Nazirliyinə rəsmi məlumat göndərdilər. Xeyli vaxt keçdikdən sonra mənə Azərbaycan Milli Elmlər Akademiyasından bildirdilər ki, bu yeniliklə bağlı Zoologiya İnistitutuna müraciət edim. Mən həmin İnstitutun direktoruna müraciət etdim. Direktor bu yeniliyin yoxlanıb şəhadətnamə verilməsinin onların səlahiyyətləri olmadığı haqqında rəsmi cavab göndərdi. Məktubda yeniliyin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə aid olması bildirilirdi.
Mən 26 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə rəsmi olaraq müraciət etdim. Agentliyin rəhbərliyi bu yeniliyin tam təhlili və ixtira olunacaq aparatın quruluşu, sxemi, işləmə prinsipi barədə məlumat yazıb göndərməyimi tələb etdi. Yeni aparatın ixtirası haqqında 12 səhifədən, 11 şəkil və sxemlərdən ibarət iki nüsxə məlumat və təhlili Azərbaycan Əqli Mülkiyyət Agentliyinə göndərdim.
8 oktyabr 2018-ci il tarixində həmin Agentliyik bu yeniliyi analiz və ekspertizadan keçirib, doğru olduğunu təsdiq edərək, mənə rəsmi məktub göndərdi. Təəssüflər olsun ki, bu yenilik kağız üzərində hələ də qalır.
Qeyd edim ki, mənim ixtiram quşçuluğun sağlam inkişaf etməsinə tam təminat verir, milyonlarla yumurtanın (bu qiymətli ərzaq məhsulunun) tullantıya çevrilməsinin qarşısını alır. Hər rayonda əlli nəfərə təzə iş yeri açılır. Bu işçilər dövlətdən bir manat vəsait almadan özlərinin maddi vəziyyətini təmin edirlər.
Hamıya məlumdur ki, inqubator stansiyalarında hər çıxış zamanı minlərlə yumurta tullantıya çevrilir. Yeni üsulla isə 90-95% sağlam çıxış verən yumurta seçə biləcəklər. Bu da inqubator sahibinə bir aparatdan bir ayda (üç şkafdan) 15000 (on beş min) manat əlavə gəlir verəcək.
Eyni zamanda daha yumurtaları “miraj” etməyə ehtiyac olmayacaq.
Belə bir yeniliyin kağız üzərində qalması ancaq təəssüf doğurur.
Yüzasif XANLAROV
Tərtər şəhəri