XOCALI HARAYI-ELİN HARAYI
1813-cü il Gülüstan və 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması ilə əzəli yurd yerlərimizin bölünməsinin başlanğıcı qoyulmuşdur. 1828-1898-ci illərdə İrandan və Türkiyədən 1 milyon 200 min erməni köçürülərək İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır. Bu ərazilərdə məskunlaşdırılmış nankor ermənilər Rusiyanın havadarlığı və himayəsi nəticəsində “erməni vilayəti”ni yaratmağa nail oldular. Bu süni ərazi bölgüsünün yaradılması nəticəsində azərbaycanlıların doğma yurd yerlərindən qovulması və məhv edilməsi prosesi başlandı. Çox-saylı tarixi sənədlər sübut edir ki, erməni millətçiləri tərəfindən 1905-1906; 1918-1920; 1948-1953-cü illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı terrorlar və qanlı qətliamlar həyata keçirmişlər.
1988-ci ildən ermənilərin xalqımıza qarşı başlanan “etnik təmizləmə” siyasəti əsrin əvvəllərində həyata keçirdikləri çirkin siyasətin zorakılıq yolu ilə davamı idi. Qərbi Azərbaycan torpaqlarından 1991-ci il avqustun 8-də azərbaycanlıların Nüvədi kəndindən çıxarılması ilə “etnik təmizləmə” prosesi başa çatdı. 1988-1991-ci illərdə 230 min azərbaycanlı Qərbi Azərbaycan torpaqlarından zorakılıqla çıxarıldı, minlərlə dinc sakin erməni cəlladları tərəfindən qətlə yetirildi və 185 yaşayış məntəqələrimiz dağıdıldı.
Qarabağda isə Kərkicahan, Malıbəyli, Quşçular və Qaradağlı kəndləri erməni quldurları tərəfindən ələ keçirildikdən sonra növbəti hədəf Xocalı şəhəri idi. Çünki Xocalı Əsgəran-Xankəndi yolunun üstündə yerləşirdi və Dağlıq Qarabağda yeganə aereport burada idi. Əhalisinin sayına görə Xocalı Dağlıq Qarabağın Şuşadan sonra 2-ci böyük Azərbaycan şəhəridir. Azərbaycan höküməti 1991-ci ilə kimi Xocalıda sürətli tikinti işləri apararaq, bura şəhər statusu verildi. Hətta Qərbi Azərbaycan torpaqlarından qaçqın düşmüş azərbaycanlılar və Axiska türkləri də burada yerləşdirildi. Şəhər əhalisinin sayı 7 minə çatdı. 1991-ci ilin payızında erməni hərbi birləşmələri Xocalı şəhərini mühasirəyə aldılar. 1992-ci ildən isə Xocalıya verilən elektrik enerjisi kəsildi. O, dövrdə Xocalının icra hakimiyyətinin başçısı Elman Məmmədov Azərbaycan hökümətindən əhalini çıxartmaq üçün vertalyot göndərilməsini tələb etsə də onun bu tələbi cavabsız qaldı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşən 366-cı rus alayının köməyi ilə Xocalıya hücum etdilər. Qədim mədəniyyət mərkəzi–qəhrəman Xocalı şəhəri bir gecənin içində yerlə yeksan oldu. Alman faşistlərinin Xatın kəndinin başına gətirdikləri fəlakət Xocalının başına gətirildi. Ancaq erməni faşistləri almanlardan fərqli olaraq Xocalı sakinlərinin başına olmazın müsibətlərini gətirdilər. O gecə 613 nəfər vəhşicəsinə qətlə yetirildi. Onlardan 70 qoca, 63 nəfər uşaq idi, 8 ailəni isə tamamilə məhv etdilər. 1275 nəfər girov götürüldü, 150 nəfər insanın taleyi məlum olmadı. 7 min əhalisi olan şəhərdən yalnız 1500 nəfər canını götürüb qaça bildi. Onların da çoxu şaxtaya düşdüyü üçün xəstə və şikəst oldular.
Qar üstə qar ələndi
güllər qana bələndi
Göydən odlar ələndi
o gecə Xocalıda
26 fevral Azərbaycan xalqının və türk millətinin heysiyyatının tapdalandığı, sinəsinin dağlandığı gecədir. O, gecə törədilən Xocalı faciəsi dünyada analoqu olmayan qətliam və soyqırımdır. Bu gün başımız üzərində günahsız Xocalıların narahat ruhları dolaşır. Onların ruhu o, zaman rahatlıq tapacaq ki, tapdaq altında olan Xocalımız, Laçınımız, Kəlbəcərimiz, Ağdamımız, Şuşamız, Füzulimiz, Cəbrayılımız, Zəngilanımız və digər işğal olunmuş ərazilərimizi geri qaytarmış olaq.
Bəsdir vətən bizsiz, biz də vətənsiz yaşadıq. Qalx ayağa vətən oğlu! Param-parça, tapdaq altında inləyən halal torpaqlarımızı geri qaytar və ərazi bütövlüyümüzü bərpa et. Qoy, xarabalığa çevrilən Qarabağımız gülüstana çevrilsin və rahat nəfəs alsın. Torpaqlarımızı azad etməyə xalqımızın kifayət qədər ruh yüksəkliyi var.
Mən xalqımın vətənpərvər övladı kimi millətimin tarixinə nəzər yetirdikcə ürəyim sızıldayır. Fikirləşirəm bu “yanlar” nə vaxta kimi xalqımıza acılar yaşadacaqlar. Bu tarixi faciələri bir daha yaşamamaq üçün erməninin məkrli planlarını, onların xalqımızın çörəyini yeyərək başımıza açdığı dəhşətli soyqırımları, vəhşilikləri unutmadan nəsilbənəsil ötürməliyik. Düşmənə heç vaxt fürsət verməməliyik. Biz tarixi unutduqca ermənilər daha dəhşətli faciələr törədir və faciələri bizə təkrar yaşadır. Azərbaycan xalqının yaddaşında bu zamandan etibarən unutqanlığa, biganəliyə, laqeydliyə yer olmamalıdır.
1997-ci ildən bütün dünyada “Xocalıya ədalət” kompaniyası həyata keçirilir. Artıq dünyanın bir çox xalqları erməninin çirkin, məkrli planlarını və iç üzlərini tanıyır, o cümlədən dünya ictimaiyyəti ermənilərin Azərbaycan xalqına qarşı olan ədalətsizliyinə yox deyir. ABŞ-ın 20 ştatı, dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyırsa bu Azərbaycan diplomatiyasının uğurudur.
Bu milli matəm günündə Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirəm.
Qızbəs HÜSEYNOVA,
Umudlu kənd tam orta məktəbinin tarix müəllimi