MƏDƏNİYYƏTİN MƏDƏNİYYƏTSİZ VƏZİYYƏTİ
(Felyeton)
“Bala Kirpi” geyinib-keçindi, fotoaparatını boynundan asdı, qələmini əlinə götürdü və üz tutdu kəndlərdəki mədəniyyət obyektlərinə tərəf. İstəyirdi ki, öyrənsin görək mədəniyyətimizlə məşğul olan adamlar neyləyirlər, nə iş görürlər, oralarda vəziyyət necədir?
O, hər yanı gəzdi. Bəzi kəndlərdəki mədəniyyət yerlərinin mədəniyyətsiz vəziyyətini görəndə yazığı ağlamaq tutdu, göz yaşlarını saxlaya bilmədi, oturub zırın-zırın ağladı. Neyləyəydi bu bədbəxt?! Ağlamalı şeyə ağlayarlar da. Doyunca ağlayıb toxtayandan sonra öz-özünə fikirləşdi: Nə yaxşı bu kitabxanaların fəaliyyətini dövlət başçısı dayandırdı. “Bu mədəniyyət deyilən şoğərib ki, var ha, hər şey ondan başlayır: səviyyə də, qanacaq da, tərbiyə də, tərbiyəsizlik də. Bir sözlə, adamlıq deyilən bir şey varsa, onun da mayasında mədəniyyət durur. Millətin millət kimi tanınmasında da bu mədəniyyət deyilən nəsnəni qoyurlar ortalığa, əgər ondan səndə yoxdursa, çəkil dur qıraqda, qağa, səni heç kim vecinə almayacaq. Mədəniyyəti çatışmayan insana, uzaq olsun, elə ayama qoyurlar ki, bu adı dilə gətirməyə də utanırsan.
Mədəniyyətsiz tayfa, mədəniyyətsiz adam kimi mədəniyyətsiz kənd, mədəniyyətsiz şəhər də olur. Bu kəlmələri eşitmişik. Amma mədəniyyətsiz mədəniyyət anlayışına mən ömrüm boyu rast gəlməmişdim, bunu da gözlərimlə gördüm.
Bir neçə il əvvəl rayonumuzda mədəniyyət və turizm şöbəsi deyilən bir idarənin adı vardı. Həm rayon mərkəzində, həm də digər yaşayış məntəqələrində onun klubları, kitabxanaları, mədəniyyət evləri əhaliyə gecə-gündüz mədəni xidmətdə bulunurdular–kitab oxudurdular, tamaşalar göstərirdilər, pulsuz konsertlər verirdilər, görüşlər keçirirdilər, bir sözlə, müxtəlif maraqlı tədbirlər təşkil edir, camaatın mədəni istirahətinə şərait yaradırdılar. Bu hesaba da dövlətdən vəsait alırdılar. Əslində isə elə bir yönnü-başlı iş də görülmürdü, əvəzində sənədlər tərtib olunur, qovluqlara yığılır, yuxarılara şişirdilmiş məlumatlar ötürülür, onların müqabilində ətək-ətək pullar həzmi–rabedən keçirilirdi. Bunlar bir-iki il əvvəl belə idi, Həqiqətən də yerlərdəki mədəniyyət obyektlərində, demək olar ki, heç bir iş görülmürdü, qapılar həftələrlə, aylarla, hətta illərlə bağlı qalırdı. Babalı deyənlərin boynuna, camaat arasında dedi-qodu gəzirdi ki, belə müəssisələrin işçilərinə hesablanan bir “meşoq” aylıq əmək haqqının yarısı müdiriyyətin cibişdanına axırdı. Bu isə hər ay on minlərlə manat pul demək idi.
Bəli, mədəniyyətin belə mədəniyyətsiz vaxtları vardı…
Bəs indi necədir?
Güya vəziyyəti düzəltmək üçün rayon mədəniyyət və turizm söbələrini birləşdirib regional idarələr yaratdılar. Məsələn, Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsi qatıldı Bərdə Regional Mədəniyyət idarəsinin tərkibinə, adını da qoydular həmin idarənin Tərtər Rayon Nümayəndəliyi kimi bir şey. Vəssəlam. Bununla da güya yerlərdə mədəniyyətin mədəniyyətsiz vəziyyəti düzəldi.
“Bala Kirpi” əsəbləşməyə başladı. Mobil telefonla zəng edib, dostu “Bala Tutuquşu”dan soruşdu ki, bu rayonda mədəniyyətə baxan o təşkilatın yiyəsinin adı nədir? “Bala Tutuquşu” cavab verdi:
–Onun vəzifəsinin adı çox zırıltıdır. Deyəsən belədir: “Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon Nümayəndəliyinin məsləhətçisi Ceyhun İsmayılzadə”.
–Pah atonnan! Vəzifənin uzunluğuna bax, görülən işlərin gödəkliyinə bax!
“Bala Kirpi” yenə soruşdu:
–O, nə işlə məşğul olur?
–Əvvəlki mədəniyyət və turizm şöbəsinin müdiri nə iş görürdüsə, bu da o işləri görür. Yəni müdirlik edir, lakin möhürü yoxdur.
“Bala Kirpi” yenə “Bala Tutuquşu”dan soruşdu:
–Bəlkə sən biləsən, bu mədəniyyət və turizm şöbəsinin adını dəyişib zırpı bir ad qoymaqla, tabeliyi region idarələrində cəmləşdirməklə mədəniyyətimiz nə qazanıb?
“Bala Tutuquşu” dilləndi:
–Məni belə müşkül məsələlərin içinə soxma, çünki başım çıxan deyil.
Get onu o regional idarənin başbiləni İlyas müəllimdən soruş, əgər tapa bilsən.
“Bala Kirpi” telefona “ot-boy” verib, yenə gəzməyə başladı. İş vaxtı mədəniyyət obyektlərinin çoxunun qapısı qıfıllı idi. Bu qıfılların bəziləri pas atmışdı, yəni çoxdan idi açılmırdı. Bəzi binalar yararsız, uçuq-sökük və təmirsiz olaraq qalırdı. Bəlkə də çoxunun içində siçanlar kitabları ləzzətlə “vərəqləyirdilər”, rəqs qrupları deyil, siçovullar “Yallı” gedirdilər, filmlər, tamaşalar və digər mədəni tədbirlər deyil, hörümçək torları “nümayiş” olunurdu.
“Bala Kirpi”nin yadına kolxoz vaxtında baş verən bir əhvalat düşdü.
Kolxozun birinin sədrini dəyişmək istəyirmişlər. Ümumi yığıncaq çağırılır. Raykomdan gələnlər yeni “seçiləcək” sədri də özləri ilə gətiriblərmiş.
Öyrədilmiş adamlar iclasda çıxış edərək, köhnə sədri “yıxıb-sürüyürlər” –oğrudur, quldurdur, rüşvətxordur, kolxozun malını yeyib-dağıdıb… Sədri dəyişmək lazımdır.
Kəndin ağsaqqalı söz alıb, ayağa durur:
–Bu köhnə sədr ki, var ha, kolxozu yeyib, talayıb deyirsiniz, onu çıxarıb türməyə basacaqsınızmı, ya yox?
Raykomdan gəlmiş nümayəndə deyir:
–Yox, işdən çıxaracağıq, yerinə bu kişini qoyacağıq, vəssəlam.
Ağsaqqal deyir:
–A kişi, elədirsə, bu köhnəyə dəyməyin, həm üzünüz-gözünüz öyrəşib, həm də “yeyib doyub”. Təzəsi “doyana” qədər isə bundan betər çapıb talayacaq.
Sonra “Bala Kirpi” öz-özünə mızıldandı: “Əgər vəziyyət elə belə bərbad halda qalacağıydısa, daha bu ad dəyişikliyi, bu qoyma-haray nəyə lazım idi ki?! Yerlərdə elə “köhnə hamam, köhnə tas”dır. Qıfıllı qapılar yenə açılmır, yeyən yenə yeyir, içən yenə içir. Yenə “dəyirman öz işindədir, çax-çax baş ağrıdır”. Bərdə Regional Mədəniyyət İdarəsinin yiyəsi İlyas Hacıyev isə deyəsən “köhnə bazara təzə nırx” qoymaq istəmir. Bildiyimiz odur ki, Tərtər rayonunun mədəniyyət obyektlərində 301 nəfər işçi “çalışır” və ayda bu işçilərin adına dövlətdən 60374 manat məbləğində əmək haqqı adı ilə vəsait alınırdı, kitabxanalar ləğv olunmamış.
Mənə qalsa, ölkə başçısı çox düz elədi ki, yerli kitabxanaları ləğv etdi. İşləməyən o biri mədəniyyət müəssisələri də ləğv olunmalıdır.
“Bala Kirpi” kəndlərdən kor-peşiman geri qayıtdı və ürəyini boşaltmaq üçün redaksiyaya gəldi.
Tofiq YUSİF