Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    Tərtər rayonu Azərbaycanın Qarabağ bölgəsində yerləşir. Doğma şəhərim iqliminə və coğrafi mövqeyinə görə ölkəmizin ən səfalı guşələrindən biridir.
    Tale elə gətirib ki, xain ermənilər bu torpaqlarda bizimlə zaman-zaman birgə yaşayıblar. Ulu babalarımız yaşamaq üçün onlara torpaqlarımızda sığınacaq veriblər. Murdar ermənilər özlərinin yerlərini rahatlayandan sonra gözlərini bərəkətli torpaqlarımıza, yeraltı və yerüstü sərvətlərimizə dikiblər.
    Onlar 1988-ci ildən havadarlarının köməyi ilə öz məkrli niyyətlərini yenidən həyata keçirməyə başladılar. Düzdür, torpaqlarımızın 20 faizini işğal ediblər, ancaq bizim Tərtər rayonunun bir kəndini də olsa belə ala bilmədilər. Bu, igid oğullarımızın qanı bahasına başa gəldi. Tərtərdəki mərd, qorxmaz, şirürəkli oğlanlarımız murdar ermənilərin ayaqlarının torpaqlarımıza toxunmasına imkan vermədilər.
    Müharibə zamanı doğma yurdumuzun yüzlərlə igid oğlu qəhrəmancasına şəhid oldu. Üç şəhidimizə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi: Vəzir Orucov, Elman Hüseynov və Füzuli Rüstəmov.
    Elman Hüseynovun büstü onun adını daşıyan küçədə, Vəzir Orucovun daş heykəli Heydər Əliyev prospektində yerləşir. Füzuli Rüstəmovun qəbri isə rayonumuzun Hüsənli kəndindədir. Tərtərlilər onların ruhlarını hər gün tər çiçəklərlə yad edirlər.
    Vəzir Orucov 1956-cı il dekabr ayının 26-da Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Doğulub boya-başa çatdığı kənddə orta təhsilini başa vurub. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. “Tərtər Özünümüdafiə Batalyonu”nda şücaətlər göstərib.
    Vəzir Orucov 1993-cü il fevral ayının 22-də Ağdərə bölgəsində “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
    Elman Hüseynov 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. O, ali təhsilli mühəndis idi. 1991-ci il sentyabr ayının 22-də “Tərtər Özünümüdafiə Batalyonu”na ilk komandir seçilib.
    Elman Hüseynov Lüləsaz, Şişqaya, “ Qanlı təpə” əməliyyatlarında qəhrəmanlıqla döyüşüb.
    1993-cü ilin yanvar ayında gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olub.
    Füzuli Rüstəmov 1965-ci ildə Tərtərin Hüsənli kəndində anadan olub. Hələ uşaq yaşlarından valideynlərini itirib və xalası Səkinə xanımın tərbiyəsi ilə böyüyüb boya-başa çatıb.
    1983-cü ildə hərbi xidmətə çağırılıb, hərbidə olduğu zaman fəxri fərman, döş nişanları ilə təltif olunub.
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərinə hücumu zamanı Füzuli igidliklə mübarizə aparıb. Təkcə Xocalı uğrunda deyil, vətənimiz üçün gedən qanlı döyüşlərdə igidlik göstərib. Füzuli Rüstəmov 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı qətliamı zamanı vətən yolunda şəhid olub.
    Mehrac Mahmudov 1958-ci ildə Tərtər rayonunun Səhlabad kəndində dünyaya gəlib. 1992-1994-cü illərdə Qarabağ müharibəsində qəhrəmancasına iştirak edib.
    1993-cü il aprelin 2-də Mehrac “Tərtər Özünümüdafiə batalyonu”nda bölmə komandiri olub.
    1994-cü il aprelin 23-də batalyon komandiri vəzifəsinə təyin olunub.
    Mehrac Mahmudov 1994-cü il aprel ayının 23-nə qədər Qarabağ müharibəsində iştirak edib.
    1992-ci ildə Marağaya, Marquşevana,Ağdərəyə ilk daxil olan döyüşçülərdən biri idi.
    1993-cü ilin oktyabrında könüllülərdən ibarət batalyon yaradılır və o, Ağdam bölgəsinə göndərilir.
    1994-cü il aprel ayının 23-ü Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə igidliklə şəhid olub. Onun igidliyi “Azərbaycan Bayrağı” ordeni ilə qiymətləndirilib.
    Ədalət Paşayev 20 iyun 1956-cı ildə Tərtər şəhərində anadan olub. 1987-1991-ci illərdə Xabarovskda hərbi xidmətdə olarkən öz vəzifəsini layiqincə yerinə yetirib.
    Orta təhsilini Tərtər şəhər 2 saylı orta məktəbdə aldıqdan sonra 1972-1977-ci illərdə Azərbaycan Politexnik İnstitutunda oxuyub.
    Ağdərə rayonunun Marağa, Marquşevan kəndlərində gedən döyüşlərdə cəsarətlə vuruşub. Mahir topçu idi.
    1992-ci ilin avqustun 23-də Drombon kəndi uğrunda gedən döyüşlərdə döş qəfəsindən ağır yaralanıb. Həmin ilin 24 avqustunda vəziyyəti ağırlaşdığından Bakı şəhərinə aparılıb. Həkimlərin ciddi cəhdinə baxmayaraq, 1992-ci il avqust ayının 22-si Ədalət Paşayev dünyasını dəyişib.
    Döyüşlərdə göstərdiyi cəsurluğa görə Ədalət Paşayev 1994-cü il sentyabr ayının 16-sı ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
    Həmin qanlı-qadalı illərdə Tərtər 325 şəhid verdi–hamısı da qəhrəman və sayseçmə oğullar! Bunların hər biri haqqında ayrıca qəhrəmanlıq dastanı yazmaq olar. Lakin yığcam bir qəzet yazısında hamısını yazmaq mümkün deyil.
    Xain qonşularımızın müharibə dövründə “Qrad”,“Alazan”,“Kristal” raketləri və top mərmiləri ilə vurub tamamilə dağıtdıqları binalarımızı dövlətimiz əvvəlkindən də yaxşı bərpa etdi. İnanırıq ki, qurban gedənlərimizin də qanı yerdə qalmayacaq!
    Biz gənclərin də borcu gələcəkdə vətənimizə layiqli vətəndaş olmaqdan və yurdumuza uzanan xain əlləri və ayaqları kəsməkdən ibarətdir.

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 09:35

    Teqlər:

İsmarıclar bağlıdır.