Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    Bəkir Ağayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
    Bu münasibətlə Bəkir müəllimlə həmsöhbət olub, bir neçə sualımızı cavablandırmasını xahiş etdim. Dedi:
    –Mən 1957-ci il may ayının 22-də keçmiş Ağdərə rayonunun Manikli kəndində anadan olmuşam. 1974-cü ildə 2-ci Bakı Quraşdırma İdarəsində elektrik quraşdırıcısı işlədim. Oradan məni hazırlıq kursuna göndərdilər. Burada oxuduğum zaman əsgərlik yaşım çatdığı üçün hərbi xidmətə getdim. 1979-cu ildə M.F.Axundov adına instituta qəbul oldum. 1983-cü ildə həmin institutu rus dili və ədəbiyyatı müəllimi kimi bitirib, kəndimizin məktəbində fəaliyyətə başladım. 1982-ci ildən 1992-ci ilin mart ayının 12-nə qədər Manikli kənd orta məktəbində çalışdım.
    –12 mart 1992-ci il tarixdə mənfur ermənilər Manikli və ətraf kəndləri işğal etdilər. Bu barədə nə deyə bilərsiniz?
    –O gecə bizim ən ağır və ağrılı gecəmiz oldu. Bu qanlı-qadalı müharibə başlayanda biz də özünümüdafiə batalyonu yaratmışdıq. Həm öz kəndimizin, həm də ətraf kəndlərin qorxubilməz oğulları batalyonun tərkibinə yazılmışdılar. Kənd icra nümayəndəliyinin vəkaləti ilə müxtəlif silahlar, həmçinin 1 ədəd pulemyot, 6 ədəd avtomat almışdıq. Gecə-gündüz müdafiədə dayanırdıq. Hətta elə oğullarımız vardır ki, heç evlərinə getmək istəmirdilər. Ayıq-sayıqlığımızı əldən verməsək də nə etmək olardı? Mənfur düşmən silah-texnika cəhətdən bizdən güclü idi. O qarlı-şaxtalı gecədə kənd camaatının məcburi köçkün düşməyi bizim üçün ikiqat ağrılı oldu. Həm doğma yurd-yuvamızdan ayrıldıq, həm də say-seçmə oğullarımız şəhid oldu, yaralandı. Hələ də o günün dəhşətli təsirinin altında yaşayırıq.
    –Məlumdur ki, o gecə doğmalarını qarı düşmənin pəncəsindən xilas edənlərin hərəsi bir tərəfə üz tutdu, sağ qalanlar müvəqqəti sığınacaqlara pənah gətirdilər. Sizin Tərtərdə məskunlaşmağınız necə oldu?
    –Düzünü deyim ki, ilk köçkün düşdüyümüzdə Ağcabədi və İsmayıllı rayonlarının hərəsində bir neçə ay yaşamalı olduq. Amma el-obamıza Tərtərin daha yaxın olmasını düşünüb, gəlib burda məskunlaşdıq. Artıq 26 ildir ki, tərtərlilərlə qaynayıb-qarışmışıq. Xeyirimiz-şərimiz bir olub. Bu gün mən də, ailəm də özümüzü həm də tərtərli hesab edirik.
    –Prezidentin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmusunuz. Əməyinizə verilən bu ən yüksək dəyərlə əlaqədar Sizi təbrik edirik. Bununla bağlı fikrinizi bilmək istərdik.
    –1993-cü ilin yanvar ayında məni Canyataq kənd İƏD üzrə nümayəndə seçdilər. Artıq 27 ilə yaxındır ki, üzərimə düşən işin məsuliyyətini dərk edərək, çalışıram. Mənə təqdim olunan medal isə məsuliyyətimi ikiqat artırıb. Bu, kiçik zəhmətimə verilən yüksək qiymətdir. Bunun üçün ölkə başçımıza və rayon rəhbərinə sonsuz minnətdarlığımı bildirirəm.
    –Eşitdiyimə görə, sizin maraqlı bir xobbiniz var: arıçılıqla məşğulsunuz.
    –Sovet dönəmində sovxozun arıları vardı. O zamanlar bir hissə arı ailəsini atama vermişdilər. Atam Səlim təhsilli arıçı idi. Köçkün düşdüyümüz zaman onları Ağcabədi rayonunda saxlayırdıq. İndi həmin arı ailələrindən qalanlardı saxlayıram. Arıçılıq maraqlı olduğu qədər də çətindir. Onunla məşğul olmaq mənə xüsusi zövq verir. Bir növ mənim xobbimə çevrilib arıya baxmaq. Hərdən bal yarmarkasına da qatılırıq.
    –Bəkir müəllim, ailəniz haqqında bir neçə kəlmə deyə bilərsinizmi?
    –Hələ ev-eşiyimizdə olan zaman, 1987-ci ildə qonşu kənddən Raisa adlı bir müəllimə qızla ailə qurmuşuq. 3 övladımız olub. Orxan, Türkan, Turanə. Hər üçü ali təhsilli müəllimdir, hər üçü ailəlidir. Demək olar ki, ailəmiz müəllim ailəsidir.
    –Bəkir müəllim, bəlkə ürəyinizdən keçən başqa bir sözünüz var? Varsa deyin.
    –Hər zaman düşünürəm ki, ev-eşiyimizdən, yurd-yuvamızdan didərgin düşdüksə də, xeyirxah insanların əhatəsində olduq. Qəriblik hiss etmədik. Övladlarımızı savadlı və xoşbəxt böyüdə bildik.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:28

    Teqlər:

İsmarıclar bağlıdır.