Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Yan

    Zelimə Əsədova 4 oğul, 2 qız anası, 15 nəvə, 4 nəticə nənəsidir.
    Ailənin 5-ci övladı Mahir Tərtərimizin ən gənc şəhid döyüşçüsü olub. Elə cəbhəyə yolu da Bakıdakı Şəhidlər Xiyabanından başlayıb. Burada 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edərək, son damla qanınadək vuruşacağına and içib. Valideynlərinin, orta məktəb müəllimlərinin bütün etirazlarına baxmayaraq, məktəbli çantasını evə qoyub, cəbhəyə gedib, əlinə silah götürüb. Anası bu barədə belə danışır:
    –Mahir yeniyetmə olsa da, ötən əsrin 90-cı illərinin əvvəllərində ətrafımızda baş verən hadisələr onun vaxtından tez böyüməsinə səbəb olmuşdur. Torpaqlarımızın itirilməsinə, şəhidlərin müsibətinə dözə bilmirdi.
    Cəbhə yoldaşları arasında xətir-hörməti vardı. Sanki bu, 17 yaşlı gənc deyil, dünyanın bütün gedişini və çətinliklərini anlayan bir insan idi. Zelimə xanım deyir:
    –Tərkibində olduğu hərbi hissə evimizin yaxınlığında, 3 saylı məktəbin binasında yerləşirdi. Əlbəttə, o zamankı ordu bizim indiki milli ordumuz kimi deyildi. Əsgərlərin lazımi məişət şəraiti yox idi. Mahir tez-tez cəbhə dostlarını bizə gətirirdi. Onların hər birinə öz balamız kimi qayğı göstərirdik. Çox narahat olurdum. O isə dostlarını göstərərək bildirirdi ki, onlar Azərbaycanın bütün bölgələrindən gələrək burada bizim torpaqlarımızı, ana–bacılarımızı qoruyurlar. Bəs, biz tərtərlilər bu işdən kənarda qala bilərikmi?
    Ömrün 17-ci baharında gənclərin çoxu yalnız öz arzuları, öz gələcək həyatları barədə düşünürlər. O isə elə vətənpərvər, qayğıkeş və istiqanlı idi ki! Bəlkə bu, ondan irəli gəlirdi ki, Mahir çoxuşaqlı ailədə böyümüşdü. Ataları Yelmar Əsədov ailənin bütün ehtiyaclarını əlindəki fırçası ilə ödəyirdi. Rəssam idi. Ana isə evdar qadın.
    Övladların tərbiyəsi bu ailədə çox önəmliydi. Ona görə də Qarabağ hadisələri başlayanda, Əsədovlar ailəsindən 3 oğul cəbhəyə getdi. Mahir şəhidlik zirvəsinə ucaldı, Pərviz və Malik isə “Tərtər Özünümüdafiə Batalyonu”nun tərkibində şərəfli döyüş yolu keçdilər. Hər ikisi müharibə veteranıdır.
    Zelimə ana söyləyir ki, bu gün onu həyatda yaşadan, təsəlli verən Mahirin unudulmamasıdır. Şəhərimizin böyük küçələrindən biri bu igid oğlanın adını daşıyır. Buradakı “Şəhid bulağı”nda Mahirin şəkli var.
    O deyir:
    –Hər dəfə oğlumun adı çəkiləndə, ailəmiz yada düşəndə, elə bilirəm ki, ona heç nə olmayıb. Harasa gedib, qayıdıb gələcək evimizə. Bu yaxınlarda keçmiş döyüşçü Pənah Məmmədov televiziyada çıxış edirdi. Tərtərin qəhrəman oğulları sırasında Mahirin də adını çəkdi. Qürur hissi keçirdim ki, bir ana kimi tərbiyəm, öyüdüm öz bəhrəsini verib. Övladımız yalnız bizim ailənin deyil, xalqın oğluna çevrilib. O, heç zaman unudulmayacaq.
    Mahirin 18 yaşı qəbr evində tamam oldu. İndi isə, yanvarın 15-də 43 yaşı olacaqdı. Bu tarixi də ailəsi, dostları arasında qeyd etmək ona qismət olmadı. Bizim də əlimizdən gələn budur ki, kiçik bir qəzet məqaləsi ilə şəhidin anasına təsəlli verək, Tərtərin igid oğlunun xatirəsini oxucularımızla birlikdə anaq.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:11

    Teqlər:

İsmarıclar bağlıdır.