Yaşadığımız dövrdə elektrik enerjisinin rolu danılmazdır. Lakin onun yarada biləcəyi təhlükələr də hamımıza yaxşı məlumdur. Bu səbəbdən elektrik cihazları, şəbəkələri və məftilləri ilə çox diqqətlə davranmaq gərəkdir.
Təhlükə yaradan vasitələrdən biri yerə düşmüş elektrik məftilləridir. Diqqətli olmaq lazımdır ki, güclü küləklər və digər səbəblərdən yerə düşmüş naqilə toxunulmasın. Qırılıb düşmüş naqilləri təkbaşına təmir etməyə çalışmayın, çünki siz onun aşağı, orta və ya yüksək gərginlikli məftil olub-olmamasını dəqiq bilmirsiniz. Aşağı gərginlikli zədələnmiş xətlər torpaq və ya yer vasitəsilə insana təhlükə yaratmırlar. Ancaq onlara toxunmaq çox təhlükəli hesab edilir, bu sizə həyatınız bahasına başa gələ bilər. Məftilin şəbəkəyə qoşulu olub-olmamasını yoxlamaq üçün əlinizi ona toxundurmayın! Yüksək voltlu məftillərə toxunan zaman çox ağır elektrik zədəsi ala bilərsiniz. Əgər yüksək voltlu kabel qırılıb yerə düşübsə, o anda onun ətrafında 25 metrə qədər radiusda təhlükə zonası yaranır. Yerə düşmüş elektrik məftili gördünüzsə, özünüz bu maneəni aradan qaldırmağa cəhd etməyin! Xüsusən də ağacla kontaktda olan belə məftil gördükdə ağacı çəkməyə və aradan götürməyə səy göstərməyin–nəm ağac elektrik enerjisinin yaxşı keçiricisidir.
Yerə düşmüş məftillərə qarşı valideynlər xüsusi diqqətli olmalıdırlar. Belə ki, uşaqlara mütləq şəkildə başa salınmalıdır ki, onlar qırılmış elektrik xətlərinin yaxınlığında oynamasınlar və qəti olaraq onlara toxunmasınlar. Elektriklə bağlı bədbəxt hadisələrdən uzaq olmaq üçün bir sıra qaydalara riayət etmək vacibdir.
–elektrik cihazlarını və məftillərini saz vəziyyətdə saxlayın;
–eyni anda həm elektrik cihazı, həm də metal predmetlərdən tutmağa çalışmayın. Elektrik vasitələrinə yaş əllə toxunmayın;
–uşaqlara elektrikin təhlükəli olduğunu izah edin. Yüksək gərginlikli elektrik dirəklərinə çıxmamağı qəti olaraq tapşırın. Onlara belə xətlərin altında oynamağı qadağan edin!
–qırılmış elektrik məftilləri gördükdə, dərhal əlaqədar şəxslərə məlumat verin;
Elektriklə bağlı bədbəxt hadisələrin çoxuna nasaz vəziyyətdə olan elektrik cihazları ilə ehtiyatsız davranış səbəb olur. Bu səbəbdən özünüzün və doğmalarınızın təhlükəsizliyi üçün elektriklə ehtiyatlı və diqqətli davranın!
FHN Qarabağ Regional Mərkəzinin
Maarifləndirmə sektoru