YAŞILLIQ DÜNYASI
Rayonumuzda məkanından asılı olmayaraq hər bir binanın ətrafı, yol kənarı, küçə və meydanlar, park və həyətlər yaraşıqlı görkəmi ilə bərabər gözəlliyi ilə də diqqət çəkir. Bu da əsasən müxtəlif ağaclar və gül kollarının əkilməsi sayəsində yaranır. Salınmış yaşıllıqlar göz oxşayır, insanın mənəvi aləminə rahatlıq gətirir. Bu füsunkarlığı yaradan isə zəhmətkeş insan əlləridir.
Bəzi faktları öyrənmək fikiri ilə rayon kommunal təsərrüfatı idarəsində yaşıllaşdırma sahəsi üzrə rəhbər Rais Səmədova müraciət etdik. Günün ikinci yarısı redaksiyamızın qonağı oldu və suallarımızı cavablandırdı. Dedi:
–Hər il iki dəfə–yaz və payız mövsümlərində rayon ərazisində yaşıllaşdırma işləri davam etdirilir. Hazırda payız yaşıllaşdırması aparılır. Artıq Ötən il “Bərdə-Tərtər-Gəncə” yolu istiqamətində, Heydər Parkında 3000 kvadratmetr sahəyə yaşıl ot (qazon) səpilib, 2000 ədəd qızılgül kolu, Tərtər-Ağdərə yolunun ətrafında 3000 ədəd “Eldar şamı”, şəhərin mərkəzi meydanında 150 ədəd dekorativ gül kolu, Nəriman Nərimanov küçəsində 4000 ədəd həmişəyaşıl kol (lequstr) əkilib. Bu işdə fəhlələrdən Elşən İsayev, Şəhriyar Qənbərov daha çox fərqlənirlər. Məlumdur ki, yaşıllıqların becərilməsində su başlıca şərtdir. Ona görə də yeni yaşıllıq əkilmiş ərazilərin suvarılmasında su maşınlarının da gücündən istifadə edilir. Mərdan Tağıyev və Babək Kərimli üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Hazırda şəhərətrafı küçələrdə və yol kənarlarında qurumuş ağaclar yeniləri ilə əvəzləşdirilir.
Təsərrüfatımız tərəfindən rayonumuzun yaşıllaşdırılması işi daim diqqətdə saxlanılır. Yaxşı bilirik ki, əkilmiş hər bir ağac və ya gül şəhərimizin simasını füsunkar edir, gözəlliyini artırır. Odur ki, üzərimizə düşən işin öhdəsindən gəlməyə çalışırıq.
Beləliklə, Tərtər gözoxşayan yaşıllıq dünyasına çevrilir. Bu dünyanı isə qədir-bilən insanlar yaradır.
Elfuzə CAMALQIZI