İGİDLƏR MƏKANI
1988-ci ildən başlanan və tariximizə Qarabağ müharibəsi kimi daxil olan bu amansız müharibə Səhlabad kəndindən də yan keçmədi. Kəndimiz cəbhə xəttinin yaxınlığında yerləşir. Ermənistanın ölkəmizə təcavüzünün gündən-günə gücləndiyi bir şəraitdə Vətən torpağının hər qarışını göz bəbəyi kimi qorumağa hazır olan Səhlabad kəndinin cəsur oğulları da döyüş meydanına atıldılar. Belə oğullardan Vüqar Məmmədovu, Mehrac Mahmudovu, Rəhman Almuradovu, Faiq Əliyevi, Yaqub Heydərovu, Ceyhun Ağayevi və başqalarını göstərmək olar. Kəndimizin ilk şəhidi Vüqar Məmmədovdur. O, 1970-ci il dekabrın 20-də anadan olub. Səhlabad kəndi tam orta məktəbində təhsil alıb. İkillik hərbi xidmətdən sonra Tərtər rayonunun Polis Şöbəsində sıravi polis işçisi kimi fəaliyyətə başlayıb. 1992-ci il aprelin 10-da keçmiş Mardakert rayonunun Marquşevan və Marağa kəndlərinin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhid olub. İndi hal-hazırda Səhlabad kənd tam orta məktəbi Vüqar Məmmədovun adını daşıyır.
Rəhman Almuradov 1993-cü il martın 27-də könüllü surətdə “Tərtər Özünümüdafiə Batalyonu”na yazılıb. Bölmə komandiri idi. Lüləsaz yüksəkliyində ağır yaralanıb və 3 gün sonra, may ayının 22-də vəfat edib.
Yaqub Heydərov isə 1974-cü ildə anadan olub. 1993-cü ilin may ayında Milli ordu sıralarına hərbi xidmətə çağırılıb. Hərbi xidmətini “Tərtər “Özünümüdafiə Batalyonu”nda keçirib. 1993-cü il iyunun 23-də Ağdam rayonunun Papravənd kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub.
Mehrac Mahmudov 1958-ci il yanvarın 17-də Səhlabad kəndində anadan olub. 1975-ci ildə həmin kəndin orta məktəbini bitirib. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xabarovsk şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə “Usta” normasını yerinə yetirib. 1992-ci ilin əvvəllərindən 1994-cü ilin aprel ayının 23-ə qədər Qarabağ müharibəsində iştirak edib. Əvvəlcə Tərtər bölgəsində, sonra isə Ağdərə ərazisindəki Akop Kamari, Çardaxlı, Ağdam rayonunun Papravənd, Sofulu, Boyəhmədli, Qarapirim kəndləri uğrunda aparılan döyüşlərdə fəal iştirak edib 1994-cü ilin aprelin 23-də batalyon komandiri Mehrac Mahmudov qəlpə yarasından şəhid olub.
Faiq Əliyev 1968-ci il may ayının 10-da Səhlabad kəndində anadan olub. 1986-1988-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 1993-cü ildə Milli Ordu sıralarına səfərbərliyə çağırılıb. Ağdərə, Ağdam bölgələrində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 27 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Güllücə kəndi ətrafında gedən döyüşdə şəhid olub.
Ceyhun Ağayev 1974-cü il yanvarın 1-də Səhlabad kəndində anadan olub. Orta təhsilini həmin kəndin orta məktəbində alıb. 1992-ci il sentyabr ayının 30-da Milli Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Ağdərə bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 23 iyul 1994-cü ildə Ağdərə ətrafında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.
Səhlabad kəndinin sakinləri şəhidlərimizi heç zaman unutmur və onların xatirəsini həmişə əziz tuturlar.
Mətanət QULİYEVA, Səhlabad kənd tam orta
məktəbinin tarix müəllimi